Proqramlaşdırma dilləri: yaranması, inkişafı.

Proqramlaşdırma dilləri: yaranması, inkişafı.

 

Azərbaycanda popular dillər

GİRİŞ

Yüksək texnologiyaların inkişafı həyatımıza sürət gətirdi. Artıq demək olar ki, bütün işlərimizi mobil telefonlar, komputerlər vasitəsilə internetdən yerinə yetirə bilirik. Fiziki olaraq harada olmağımızdan asılı olmayaraq doğmalarımızla ünsiyyət qura bilirik. Bəs bu sürəti və optimallığı nəyə borculuq? Əlbəttə ki, komputerlərə və onların əsas komponentlərindən biri olan proqramlaşdırma dillərinə. Son illər bu sahələrə tələbatın daha da artmasıyla, həmçinin öyrənmək üçün materialların daha əlçatan olması səbəbindən proqramlaşdırma dillərini öyrənməyə çalışan gənclərin sayında artım müşahidə olunur. Bəs nədir proqramlaşdırma dili, necə yaranıb və hansı dildən nədə istifadə olunur? Əgər siz də bu sahəyə başlamğı düşünürsünüzsə və ya sadəcə texnologiya həvəskarısınızsa bu yazı vasitəsilə proqramlaşdırma dilləri barədə bəzi baza suallarınıza cavab tapacaqsınız.

                Adından göründüyü kimi proqramlaşdırma dili (frontend və backend) elə dildir. Sadəcə bu dildən istifadə edərək insanlarla deyil, komputerlərlə ünsiyyət qurursunuz (Əslində proqramçı karyeranızın sonrakı mərhələlərində komanda yoldaşlarınızla da bu dildə danışırsınız, amma bu başqa yazının mövzusudur.). Təxmini hesablamalara görə 8000-dən çox proqramlaşdırma dili mövcuddur. Dəqiq sayı bildirmək ona görə çətindir ki, zaman keçdikcə yeni dillər yaranır və bəzi dillər istifadədən çıxır. Lakin bu qədər dildən yalnız 50-100-ə qədəri müxtəlif məqsədlər üçün istifadə olunur. Bəs ilk proqramı kim və necə yazmışdır?

 

İLK KOMPUTER PROQRAMI

İlk komputer proqramlarının tarixi (əslində həm də ilk komputerlərin tarixi, amma komputerlərin tarixi daha qarışıqdır. Bu da başqa bir yazının mövzusu olsun) 19 əsrin 40-cı illərinə qədər uzanır. Belə ki, Charles Babbage o dövrdə the “Difference Engine” adlı komputer proyektini, onun dostu Ada Lovelace isə 1843-cü ildə Bernoulli ədədlərindən istifadə edərək riyazi məsələləri həll edən ilk komputer alqoritmini təqdim etdi. Babbage 1847-1849-cu illərdəöz layihəsini inkişaf etdirərək “Difference Engine-2”-nin ideyasını irəli sürdü. Belə demək olarsa, Charles Babbage ilk fiziki komputer aparatının (hardware), Ada Lovelace isə ilk komputer proqramının (software) ideya müəllifidir.

 

ƏN POPULAR DİLLƏR VƏ ONLARIN İSTİFADƏ SAHƏLƏRİ

Heç də bütün dillər proqramçılar, şirkətlər və qurumlar tərəfindən geniş istifadə olunmur. Yuxarıda qeyd edildiyi kimi proqramlaşdırma dillərinin yalnız kiçik bir qismi sənayedə praktiki əhəmiyyətə malikdir. Proqramlaşdırma dillərinin istidadəsinə bir neçə amil təsir edə bilər. Amma burada qeyd edilməlidir ki, ayrı-ayrı müəlliflər və qurumlar proqramlaşdırma dillərin istifadəsinə dair ayrı-ayrı kriteriyalar qoya bilərlər. Bəzi ümumi kriteriyalara kod oxunaqlılığı, daha asan sintaksis, etibarlılıq, səmərəlilik, portativlik, məqsədə uyğunluq, məhsuldarlıq aid edilə bilər. Bundan əlavə tez öyrənilə bilmə və xatırlama, kod səhvlərinin asan idarə oluna bilməsi və izahı, müxtəlif bilik səviyyəsinə uyğunlaşdırıla bilmə kimi amillər də dilin istifadəsinə təsir edə bilər. Aşağıdakı qrafikdə (linki sil) 2024-cü il üçün dünya üzrə ən çox istifadə olunan proqramlaşdırma dilləri göstərilmişdir: İndi isə gəlin ilk onluqda olan dillərin hansı məqsədlə istifadə olunduğuna baxaq:

1. JavaScript: veb-səhifələrdə dinamik ön (frontend)  məzmunun yaradılması üçün istifadə olunur. O sürətli, yüngül icra olunan, eyni vaxta yalnız bir əməliyyat icra edən (single threaded) proqramlaşdırma dilidir. Eyni zamanda JavaScript kitabxana əlavələri ilə veb-səhifələrin arxa əməliyyatları üçün (backend) həmçinin mobil və computer tətbiqlərinin yaradılması üçün işlədilə bilər.

2. HTML&CSS: HTML (Hyper Text Markup Language) veb-səhifələrin standard işarələmə dilidir. Veb-səhifələr HTML vasitəsilə müəyyən bir struktura sahib olur. CSS (Cascading Style Sheets) isə bu struktura dizayn elementləri əlavə edir. CSS məzmunun HTML səhifəsində necə görünəcəyini təyin edir. Məsələn, shaftali.az saytı bu texnologiyalardan istifadə edərək hazırlanmışdır.

3. Python: Python çoxməqsədli proqramlaşdırma dilidir. O veb saytlarin hazirlanmasi, data elmi və süni intellekt tətbiqlərinin yaradılmasında, avtomatlaşdırmada və digər işlərdə istifadə olunur.

4. SQL: SQL specific olaraq databazalarına data əlavə etmək, mövcud datanı manipulyasiya etmək və oxumaq üçün dildir.

5. TypeScript: Microsoft şirkəti tərəfindən yaradılmış eynilə JavaScript-də oxşar dildir. JavaScript-dən fərqləndirən əsas cəhəti data tipləri üçün əlavə sintaksisin olmağındadır. JavaScript-in dialekti hesab etmək olar.

6. Bash/Shell: Bash/Shell komputerin terminalında və ya əmr sorğusu pəncərəsində yazılan komandalardır.

7. Java: Çoxməqsədli dillərdən biridir. Javadan istifadə edərək veb saytlarin hazirlanmasi, mobil, komputer proqramları, oyunlar və s. yaratmaq olar.

8. C# (C-Sharp): C# da Microsoft tərəfindən yaradılmış çoxməqsədli dildir. Əsas tətbiq sahələri veb, mobil, komputer tətbiqlərinin və oyunların yazılmasıdır.

9. C++: Sintaksisi demək olar ki, C dili ilə eynidir. C++ da çoxməqsədli dillərdən biridir. Ən əsas tətbiq sahələrindən biri oyun yazılışıdır.

10. C: 50 ildən çox istifadədə olan çoxməqsədli dildir. Əslində bu siyahıdakı dillərdən bir çoxu məhz C ilə yazılmışdır.

AZƏRBAYCANDA PROQRAMLAŞDIRMA DİLLƏRİ İLƏ BAĞLI VƏZİYYƏT

Təəsüflər olsun ki, Azərbaycanda hansı proqramlaşdırma dillərinin popular olması ilə bağlı ciddi və davamlı araşdırma aparılmayıb. Bu mövzu üzrə axtarış apardıqda yalnız bəzi həvəskarların keçirdikləri sorğular, həmçinin vakansiyalar üzrə araşdırmalarla qarşılaşırıq. Bu araşdırmalardan mövzunu daha ətraflı əhatə edən Nihat adlı Instagram istifadəçisinin buaraşdırmasıdır. O və komandasının 303 nəfər proqramçının arasında keçirdiyi sorğuya əsasən

Azərbaycanda da 2024-cü il üzrə ən popular dil JavaScript-dir.

Bəs Google axtarışları nə deyir? Ehtimal etmək olar ki, axtarışda proqramlaşdırma dilinin adını yazanlar daha çox bu dili öyrənməyə çalışanlardırlar. Google Trend axtarışları üzrə nəticələr aşağıdakı kimidir:

NƏTİCƏ

Əlbəttə hansısa dillərin daha popular olması bu dillərin daha yaxşı digərlərinin pis olması demək deyil. Qlobal miqyasda bu siyahıda olmayan lakin kifayət qədər praktiki proqramlaşdırma dilləri vardır. Fərdi olaraq proqramlaşdırmaya hansı dildən başlamaq isə sizin fərdi karyeraməqsədlərinizdən asılıdır. Elə sahələr var ki, onlara başlamaq üçün proqramlaşdırma dilləri tələb olunmur. Məsələn, data analitika. Və ya siyahıda birinci yerdə dayanan JavaScript heç də hamının işlədəcəyi dil deyil. Beləliklə, istər proqramlaşdırma dili olsun, istərsə də komputer elmləri ilə bağlı hər hansı digər alət öyrənmə prosesi son məqsədin təyin edilməsiylə başlayır.