SEO xidməti nədir sualının qısa cavabı belədir: bu, saytınızın Google-un pulsuz nəticələrində yuxarı qalxması üçün mütəxəssisin sizinlə razılaşdırılmış plan üzrə gördüyü işlərdir. İşin bir hissəsi birdəfəlikdir, məsələn, audit və texniki düzəlişlər. Qalanı hər ay təkrarlanır: səhifələrin yenilənməsi, yeni məzmun, yerli SEO, keçidlər və hesabat.
Biz sayt hazırlanması Bakıda xidmətini göstəririk və hazırladığımız hər saytın qiymətinə əsas SEO quruluşu daxildir. Artıq işləyən saytlar üçün ayrıca SEO paketlərimiz var. Amma aşağıdakıları oxuyandan sonra istənilən təklifdə nəyin çatışmadığını və hansı vədin boş olduğunu özünüz görəcəksiniz.
Qısaca
- SEO xidmətinə audit, texniki SEO, səhifədaxili optimallaşdırma, məzmun, yerli SEO, keçidlər və aylıq hesabat daxildir.
- Google pulsuz nəticələrdə yer satmır, reklam da oradakı yerinizə təsir etmir.
- Texniki düzəlişlərin faydası bir neçə həftə ərzində görünə bilər, rəqabətli sorğularda mövqe isə aylarla qazanılır.
- Yaxşı hesabatda sorğular üzrə mövqe, Search Console-dan kliklər, müraciətlərin sayı və görülən işlərin siyahısı olur.
- İstənilən sorğuda «1-ci yer» vəd edən, «gizli metodlardan» danışan və ya kütləvi link paketi satan icraçıdan uzaq durun.
SEO xidməti nədir və nə deyil
Axtarış sistemlərinin səhifələri necə oxuyub sıraladığını SEO nədir yazımızda sadə dillə izah etmişik. Burada söhbət xidmətin özündən gedir: ödədiyiniz pulun qarşılığında hansı işlər görülür və onları necə yoxlamaq olar.
SEO reklam deyil. Google SEO mütəxəssisi axtaranlar üçün yazdığı səhifədə açıq deyir: saytları axtarışa salmaq və ya yuxarı qaldırmaq üçün pul almır, Google-da reklam vermək də pulsuz nəticələrdəki yerinizə təsir etmir. Reklamda hər klik üçün ödəyirsiniz və büdcə bitən gün o kanaldan gələn ziyarətçilər də kəsilir. SEO-da klikə pul vermirsiniz, görülən işin çoxu da saytda qalır: düzəldilmiş kod, yenilənmiş səhifələr, yeni məqalələr.
Amma SEO-nun nəticəsi dərhal gəlmir və iş bir dəfəyə bitmir. Ona görə SEO təklifləri adətən iki hissəyə bölünür: saytı qaydaya salan birdəfəlik iş və mövqeləri qaldırıb saxlayan aylıq iş.
SEO xidmətlərinə nələr daxildir
Təkliflərdə adlar fərqli olur, amma peşəkar SEO xidməti adətən yeddi iş blokundan ibarətdir. Birdəfəlik paketdə çox vaxt ilk ikisi olur, aylıq xidmətdə isə hamısı:
| İş bloku | Nə edilir | Sizə nə verilir |
|---|---|---|
| Audit | Saytın texniki vəziyyəti, məzmunu və rəqiblər yoxlanılır | Problemlərin vaciblik sırası ilə siyahısı |
| Texniki SEO | İndeksləmə, sayt xəritəsi, yönləndirmələr, sürət, mobil versiya, struktur məlumat | Düzəldilmiş xətaların siyahısı, Search Console-da azalan xəbərdarlıqlar |
| Səhifədaxili SEO | Başlıqlar, təsvirlər, H1 və H2, daxili keçidlər, sorğuya uyğun mətn | Yenilənmiş səhifələrin siyahısı |
| Məzmun | Məzmun planı, xidmət səhifələri, məqalələr | Sizin təsdiqlədiyiniz mətnlər |
| Yerli SEO | Google Business Profile, xəritə, rəylər | Təsdiqlənmiş və tam doldurulmuş profil |
| Keçidlər | Mövzuya yaxın saytlardan keçid qazanmaq | Qazanılan keçidlərin ünvanları |
| Analitika və hesabat | Search Console, Google Analytics, mövqelərin izlənməsi | Aylıq hesabat və növbəti ayın planı |
Təklifdə «kompleks SEO» yazılıbsa, cədvəldəki hər sətir üzrə ayda konkret nə ediləcəyini soruşun.
SEO audit: iş nədən başlayır
Audit saytın indiki vəziyyətinin xəritəsidir, onsuz qalan işi planlamaq olmur. Yaxşı audit üç hissədən ibarətdir:
- Texniki audit: Google hansı səhifələri görür, hansılarını indeksləmir və niyə; qırıq keçidlər, yönləndirmə zəncirləri, təkrarlanan səhifələr, sürət.
- Məzmun auditi: hansı səhifə hansı sorğuya cavab verir, hansı sorğu üçün səhifə ümumiyyətlə yoxdur, hansı iki səhifə eyni sorğuda bir-biri ilə yarışır.
- Rəqib auditi: sizin sorğularınızda ilk 10 nəticəni kimlər tutur və onların saytında sizdə olmayan hansı səhifələr var.
Auditin nəticəsi vaciblik sırası ilə düzülmüş iş siyahısı olmalıdır: nə səhvdir, harada, necə düzəlir və bunu kim edir. SEO alətlərinin avtomatik çıxardığı hesabat isə hələ audit deyil: orada biznesinizin məqsədi nəzərə alınmır. Ən dəqiq rəqəmlər Google Search Console-dadır, ona görə ilk görüşdə oraya giriş istəməyən icraçı auditi təxmini rəqəmlərlə aparacaq.
Texniki SEO: Google saytınızı düzgün görürmü
Texniki SEO Google-un saytı maneəsiz gəzib indeksləməsi üçün görülən işdir. Bu işlərin çoxu sayt sahibinin gözünə dəymir, amma onlar qaydasında deyilsə, ən yaxşı mətn də axtarışa çıxmır. Texniki işə adətən bunlar daxildir:
- İndeksləmə. Search Console hansı səhifələrin indeksdə olmadığını və səbəbini göstərir. Səhvən qalmış noindex teqi bütöv bölməni axtarışdan çıxara bilər, robots.txt-dəki səhv qadağa isə Google-un həmin səhifələri oxumasına mane olur.
- Sayt xəritəsi. Xəritədə (sitemap.xml) yalnız axtarışa çıxmalı olan səhifələr olur, fayl özü isə Search Console-a göndərilir.
- Yönləndirmələr. Səhifənin ünvanı dəyişəndə köhnə ünvan 301 yönləndirmə ilə yenisinə bağlanır, yoxsa qazanılmış mövqe 404 xətası ilə birlikdə itir. Saytın http, https, www ilə və www-siz variantları bir əsas ünvana yönləndirilir.
- Sürət və Core Web Vitals. Google-a görə yaxşı nəticə budur: əsas məzmun 2,5 saniyə ərzində görünür (LCP), klikə cavab 200 millisaniyəni keçmir (INP), səhifə açılarkən elementlər demək olar ki, yerindən oynamır (CLS 0,1-dən çox deyil).
- Mobil versiya. Google indeksləmə və sıralama üçün saytın mobil versiyasını əsas götürür: kompüterdə olub telefonda çıxarılan mətn indeksləmədə nəzərə alınmır.
- Struktur məlumat (schema.org). Axtarış nəticəsində qiymət və ya reytinq kimi əlavə məlumatın çıxması bundan asılıdır.
Sürət serverdən də asılıdır. Ucuz paylaşılan hostinq planında eyni serverdə çoxlu sayt olur və yük artanda server sorğulara gec cavab verir. Bunu şəkilləri sıxmaqla düzəltmək olmur.
Bəzi problemlər kodun içindədir. Sayt şablonu bütün məhsul səhifələrinə eyni başlığı yazırsa, SEO mütəxəssisi bunu ancaq qeyd edə bilər, düzəltmək üçün proqramçı lazımdır. Təklif alanda soruşun: düzəlişləri icraçının özü edəcək, yoxsa sizin proqramçınız?
Səhifədaxili SEO: başlıqlar, təsvirlər və daxili keçidlər
Səhifədaxili (on-page) SEO hər səhifəni konkret sorğuya bağlamaqdır: bir səhifə bir əsas sorğuya və onu yazan adamın niyyətinə cavab verir. «SEO qiyməti» yazan adam paketləri və rəqəmləri görmək istəyir, «SEO nədir» yazan isə izah axtarır. Birincisinə xidmət səhifəsi, ikincisinə məqalə uyğundur. Bir səhifəni hər iki sorğuya yazanda o, çox vaxt heç birində yuxarı çıxmır.
Hər səhifə üçün title (axtarış nəticəsindəki başlıq), meta description (altındakı təsvir), bir H1 və məntiqli H2 başlıqları, oxunaqlı ünvan və şəkillərin alt mətni yazılır. Meta keywords sahəsinə vaxt sərf etməyə dəyməz: Google bu teqi nəzərə almadığını özü yazır.
Böyük saytda başlıqları əllə yazmaq mümkün deyil, onları şablon yaradır. Tutor.az layihəsinin SEO hissəsini biz hazırlamışıq: hər müəllim profili ayrıca indekslənən səhifədir və öz başlığı ilə axtarışa çıxır. Kataloqu və ya yüzlərlə məhsulu olan saytda səhifədaxili SEO-nun böyük hissəsi elə bu şablonların düzgün qurulmasıdır.
Daxili keçidlər də bu bloka aiddir. Google yeni səhifələri əsasən artıq tanıdığı səhifələrdəki keçidlərlə tapır. Məqalədən xidmət səhifəsinə, kateqoriyadan məhsula gedən keçid ziyarətçini sifarişə yaxın səhifəyə aparır və Google-a hansı səhifələri əsas saydığınızı göstərir.
Məzmun planı və məqalələr
Audit hansı sorğular üçün saytda səhifə olmadığını göstərir, məzmun planı isə bu boşluqları doldurur. Plan adətən 2–3 aylıq cədvəldir: hansı sorğu, hansı səhifə (xidmət səhifəsi, kateqoriya və ya məqalə), kim yazır və nə vaxt dərc olunur. Kommersiya sorğuları üçün əvvəlcə xidmət və kateqoriya səhifələri yazılır, izah axtaran sorğular üçün məqalələr sonra gəlir.
Məqalələrin sayta nə qazandırdığını saytda bloq haqqında yazıda nümunələrlə göstərmişik. Müqavilədə ayda neçə mətn yazılacağını, onları kimin yazacağını və dərcdən əvvəl təsdiqinizə göndəriləcəyini dəqiqləşdirin. Qiymətlər, müddətlər və sahənizə aid faktlar isə sizdən gəlməlidir: yoxlanmamış mətndə səhv qiymət ola bilər, müştəri isə onu sizin sözünüz kimi oxuyur.
Yerli SEO: Google Business Profile, xəritə və rəylər
«Yaxınlıqda aptek», «Nərimanovda diş həkimi» kimi sorğularda Google nəticələrin yuxarısında xəritə və şirkət kartları göstərir. Google yerli sıralamanı üç amillə izah edir: uyğunluq (profil axtarılana nə qədər uyğundur), məsafə (axtaran sizdən nə qədər uzaqdadır) və tanınma (şirkət nə qədər məşhurdur). Məsafəni dəyişə bilməzsiniz, qalan ikisi üzərində işləmək olur.
Yerli SEO-da işin əsası Google Business Profile-dır: profil yaradılıb təsdiqlənir, kateqoriyalar, iş saatları və şəkillər doldurulur. Şirkətin adı, ünvanı və telefonu saytda və profildə hərfi-hərfinə eyni yazılır, gələn rəylərə cavab verilir. Rəy istəmək isə sizin işinizdir: razı müştəri sizi tanıyır, icraçını yox.
Rəy üçün endirim, hədiyyə və ya pul təklif etməyin, rəyi seçib yalnız razı qalan müştərilərdən də istəməyin: Google Maps qaydaları hər ikisini qadağan edir. Google həm də yazır ki, yerli sıralamada yeri pulla almaq olmur, ona görə «xəritədə birinci yer» satan təkliflərə şübhə ilə yanaşın.
Keçidlər: təhlükəsiz yollar və spam paketlər
Başqa saytlardan sizə gələn keçidlər (backlink) Google üçün hələ də sıralama siqnallarından biridir. Elə buna görə SEO-da ən riskli işlər də bu blokda görülür:
Təhlükəsiz yollar
- Tərəfdaş və təchizatçıların saytlarında sizə keçid
- Sahə assosiasiyalarının və real işləyən kataloqların siyahıları
- Xəbər saytları üçün müsahibə, şərh və ya faydalı material
- Başqalarının özünün keçid vermək istədiyi məzmun: qiymət cədvəli, araşdırma
Riskli yollar
- «1 000 link» kimi kütləvi paketlər
- Pul, məhsul və ya xidmət qarşılığında SEO üçün qoyulan keçidlər
- Proqramla avtomatik yaradılan keçidlər, forum şərhlərində keçidlər
- Həddindən artıq «sən mənə, mən sənə» keçid mübadiləsi
Riskli siyahıdakıların hamısı Google-un spam qaydalarında link spamı kimi göstərilib. Bu qaydaları pozan saytlar axtarışda aşağı düşə və ya ümumiyyətlə görünməyə bilər. Pulla yerləşdirilən keçidə isə rel="sponsored" və ya rel="nofollow" atributu yazılmalıdır.
Aylıq SEO hesabatında nə olmalıdır
Hesabat icraçının işini yoxlamağın əsas yoludur. Yaxşı aylıq hesabatda bunlar olur:
- Razılaşdırılmış sorğular üzrə mövqelər, keçən ayla və işin başlanğıcı ilə müqayisədə
- Search Console-dan kliklər, göstərilmələr, CTR (klik faizi) və orta mövqe, brend sorğuları ayrıca
- Müraciətlər: saytdan gələn zənglər, formalar və WhatsApp yazışmaları
- Görülən işlər: hansı səhifədə nə dəyişdi, yeni səhifələrin və qazanılan keçidlərin ünvanları
- Texniki vəziyyət və növbəti ayın planı
Brend sorğularını ayırmaq vacibdir: şirkətinizin adını yazanlar sizi onsuz da tapır və onların klikləri SEO-nun nəticəsini olduğundan böyük göstərir. Mövqe artıb, amma sayta gələn yoxdursa, ya sorğular səhv seçilib, ya da başlıqlar klik qazandırmır.
Search Console-da saytın sahibi (owner) siz olmalısınız. İcraçıya çox vaxt tam istifadəçi (full user) hüququ bəs edir: o, bütün rəqəmləri görür və sayt xəritəsini göndərə bilir, amma başqa istifadəçi əlavə edə bilmir. İcraçı sahib kimi qoşulmuşdusa, əməkdaşlıq bitəndə onun təsdiq faylını və ya teqini də saytdan silin, yoxsa girişi özü bərpa edə bilər.
Aylıq SEO xidmətində iş necə gedir və sizdən nə lazımdır
Aylıq xidmətdə iş təxminən belə bölünür, ardıcıllıq saytdan asılı olaraq dəyişə bilər:
- 1-ci həftəRəqəmlər və xətalar Search Console və analitika yoxlanılır, yeni xətalar düzəldilir.
- 2-ci həftəMövcud səhifələr Çox göstərilən, amma az klik alan və Google-da 11–20-ci yerlərdə dayanan səhifələr yenilənir.
- 3-cü həftəYeni məzmun Plana uyğun səhifə və ya məqalə hazırlanır, təsdiqinizdən sonra dərc olunur.
- 4-cü həftəYerli SEO, keçidlər, hesabat Profil yenilənir, keçidlər üzərində iş gedir, ayın sonunda hesabat göndərilir.
İlk bir-iki ayda texniki iş çox, yeni məzmun az olur: Google saytın yarısını indeksləmirsə, yeni məqalə də eyni səbəbdən axtarışa çıxmaya bilər.
İşin sürəti sizdən də asılıdır. Başlamaq üçün adətən bunlar lazım olur:
- admin panelə və ya hostinqə giriş, problem kodun içindədirsə, proqramçınızla əlaqə;
- Search Console, Google Analytics və Google Business Profile-a giriş (hesab yoxdursa, sizin adınıza açılır);
- biznes haqqında qısa məlumat: nə satırsınız, hansı şəhər və rayonlarda işləyirsiniz, kimləri rəqib sayırsınız;
- sorğu siyahısının birlikdə razılaşdırılması və mətnlərin vaxtında təsdiqi.
SEO nəticəsi nə vaxt görünür və nədən asılıdır
Google-un SEO üzrə başlanğıc təlimatına görə bəzi dəyişikliklər axtarışda bir neçə saatdan sonra özünü göstərir, bəzilərinin təsiri isə ancaq bir neçə aydan sonra görünür. Dəqiq tarixi heç kim deyə bilməz, amma müddəti uzadan və qısaldan amillər məlumdur:
- Saytın yaşı. Bir neçə ildir işləyən və artıq göstərilən sayt çox vaxt yenisindən tez irəliləyir, təzə domendə ilk göstərilmələr gec gəlir.
- Rəqabət. «Xırdalanda kondisioner təmiri» kimi dar sorğuda yuxarı çıxmaq marketpleyslərin və böyük portalların yarışdığı «kondisioner» sorğusundan xeyli tez olur.
- Başlanğıc vəziyyət. Sayt indeksləmə xətası üzündən görünmürdüsə, düzəlişdən sonra artım tez gələ bilər. Problem məzmunun azlığındadırsa, əvvəlcə səhifələr yazılmalıdır, bu da vaxt aparır.
- Sizin cavab sürətiniz. Təsdiq üçün üç həftə gözləyən mətn üç həftə gec dərc olunur.
Bu amillərə görə zəmanət yalnız aylıq paketimizdə var: razılaşdırılmış əsas sorğular üzrə 6 ay ərzində Google-da ilk 10 nəticə. Sorğuları işə başlamazdan əvvəl sizinlə birlikdə seçirik, zəmanət də məhz həmin sorğulara aiddir.
Müştərilər elə bu ay lazımdırsa, yalnız SEO-ya ümid bağlamayın. Belə halda reklam ilk zəngləri gətirir, SEO isə zamanla reklamdan asılılığı azaldır. Reklamla SEO-nun bir planda necə işlədiyindən rəqəmsal marketinq haqqında yazıda danışmışıq.
SEO şirkətini necə seçmək: suallar və şübhəli vədlər
Google SEO mütəxəssisi axtaranlara ona hansı sualları verməyi də məsləhət görür. Onlara öz suallarımızı da əlavə etdik:
- Mənim sahəmdə və şəhərimdə hansı saytlarla işləmisiniz, onlarda hansı nəticə alınıb?
- Google-un axtarış qaydalarına (Search Essentials) əməl edirsinizmi?
- Hansı sorğular üzrə işləyəcəksiniz, onlarda nə vaxt hansı nəticə gözləyirsiniz və bunu necə ölçəcəksiniz?
- Əməkdaşlıq bitəndə hesablar, mətnlər və girişlər kimdə qalır?
«Birinci yer» vədindən uzaq durun. Google-un özü yazır ki, axtarışda birinci yerə heç kim zəmanət verə bilməz. Kimsə sizə birinci yer vəd edirsə, Google başqa icraçı axtarmağı məsləhət görür.
Bunlar da şübhə doğurmalıdır:
- «gizli metod», Google ilə «xüsusi əlaqə» və ya saytı Google-a «növbədənkənar göndərmək» kimi izahsız vədlər;
- yüzlərlə və ya minlərlə keçiddən ibarət paketlər;
- Search Console-a giriş istəməmək və rəqəmləri yalnız öz cədvəlində göstərmək.
Zəmanət təklif olunursa, şərtlərini oxuyun. Ciddi zəmanətdə sorğular əvvəlcədən adbaad yazılır, mövqe aralığı (məsələn, ilk 10) və müddət göstərilir. Şirkətin öz adı ilə axtarışda birinci olmaq zəmanəti isə sizə heç nə vermir: brend sorğusunda sayt çox vaxt onsuz da birinci çıxır.
SEO qiyməti: bizim paketlər
SEO qiyməti saytın həcmindən, rəqabətdən və texniki vəziyyətdən asılıdır, ödənişli alətlər də xərcin bir hissəsidir. Məsələn, Semrush-un «SEO» tarifi noyabr 2026-da ayba-ay ödənişlə 139 ABŞ dollarıdır, Mərkəzi Bankın məzənnəsi ilə təxminən 236 AZN. Bizim aylıq paketdə belə alətlər qiymətə daxildir.
- Hazırladığımız saytda əsas SEO quruluşu
- qiymətə daxildir
- Baza paket: audit və texniki düzəlişlər, 1 ay
- təxminən 300 AZN, birdəfəlik
- Dərin paket: frontend, backend və texniki SEO
- 800–1 200 AZN, birdəfəlik
- Aylıq paket: daimi iş, razılaşdırılmış sorğular üzrə 6 ayda top-10 zəmanəti
- təxminən 800 AZN/ay
Hər paketə nəyin daxil olduğu SEO xidməti səhifəsində ayrıca sadalanıb. Öz saytımız shaftali.az 24.11.2026-da Lighthouse-un dörd kateqoriyasının hamısında, o cümlədən SEO-da, 100 bal alıb.
Sayt sifarişində domen sizin adınıza qeydiyyatdan keçir, təhvildə bütün girişlər və mənbə kodu sizə verilir. SEO-nu sonra başqa icraçıya tapşırsanız belə, ona lazım olan hər şey əlinizdə olur.
Tez-tez verilən suallar
SEO xidməti nədir?
Saytın Google-un pulsuz nəticələrində yuxarı çıxması üçün mütəxəssisin razılaşdırılmış plan üzrə gördüyü işlərdir. Audit və texniki düzəlişlər adətən birdəfəlik olur, məzmun, keçidlər və hesabat isə hər ay davam edir.
SEO audit nədir və nə qədər çəkir?
Saytın texniki vəziyyətinin, məzmununun və rəqib saytların yoxlanmasıdır, nəticəsi nəyin hansı ardıcıllıqla düzəldiləcəyini göstərən siyahıdır. Bizim baza paketdə audit və texniki düzəlişlər birlikdə bir ay çəkir.
SEO qiyməti nədən asılıdır?
Ən çox saytdakı səhifələrin sayından, seçilən sorğulardakı rəqabətdən və saytın texniki vəziyyətindən asılıdır. Bizdə birdəfəlik baza paket təxminən 300 AZN, dərin paket 800–1 200 AZN, aylıq paket isə ayda təxminən 800 AZN-dir.
SEO necə edilir, özüm edə bilərəmmi?
Ardıcıllıq belədir: audit, texniki düzəlişlər, səhifələrin sorğulara bağlanması, məzmun, yerli SEO və hər ay ölçmə. Search Console-u qoşmağı və Google Business Profile-ı doldurmağı özünüz edə bilərsiniz. Problem şablonun və ya serverin içindədirsə, ya da rəqiblər illərdir SEO ilə məşğuldursa, işi mütəxəssisə vermək daha sərfəlidir.
Saytınızın SEO vəziyyətini yoxlayaq
Saytın ünvanını və hansı sorğularda görünmək istədiyinizi yazın, uyğun paketi və qiyməti deyək. Yeni sayt sifariş edirsinizsə, əsas SEO quruluşu qiymətə daxildir. Domen, hostinq və SSL sertifikatı isə ilk il pulsuzdur. Telefon: 077-388-42-42, e-poçt: contact@shaftali.az.