Pulsuz sayt yaratmaq bu gün bir neçə saatlıq işdir. Hazır şablonu seçib mətnləri dəyişirsiniz, bir sətir də kod yazmağa ehtiyac qalmır. Şəxsi bloq, portfolio və ya yeni ideyanı yoxlamaq üçün bu, yaxşı başlanğıcdır.
Amma pulsuz planların məhdudiyyətləri var və saytı biznes üçün açırsınızsa, onları əvvəlcədən bilmək lazımdır. Biz özümüz saytların hazırlanması ilə məşğuluq, amma hər kəsə dərhal sifariş verməyi məsləhət görmürük: bəzi hallarda pulsuz platforma tam kifayət edir. Aşağıda dörd platformanı, addımları, məhdudiyyətləri və pulsuz saytın nə vaxt yetmədiyini yazırıq.
Qısaca
- Wix, WordPress.com, Weebly və Google Sites-da pulsuz sayt bir neçə saata yığılır.
- Pulsuz saytın ünvanı platformanın alt-domenində olur, saytda reklam göstərilə bilər.
- Bloq, portfolio və ideyanı sınamaq üçün pulsuz plan yetir, müntəzəm satış üçün isə öz sayt lazımdır.
- Bizdə pulsuz sayt almağın iki yolu var: giveaway və startaplar üçün təklif.
Pulsuz sayt nə üçün lazımdır
Öz saytı olan insanı və ya biznesi internetdə tapmaq asandır. Hətta pulsuz sayt da bu imkanları verir:
- biznesinizi və ya xidmətinizi internetdə tanıtmaq;
- müştərilərin sizinlə əlaqə saxlamasını asanlaşdırmaq;
- işlərinizi portfolio kimi göstərmək;
- fikir və ideyalarınızı bloqda paylaşmaq;
- yeni ideyanı pul xərcləmədən sınamaq.
Çoxları sayt açmaq istəyir, amma texniki bilik və ya büdcə çatışmır. Aşağıdakı platformalar məhz belə hallar üçündür. Dizayner, fotoqraf və ya proqramçısınızsa, ilk portfolio saytınızı da pulsuz platformada yığa bilərsiniz.
Pulsuz sayt yaratmaq üçün 4 platforma
Bu platformaların hamısında kod yazmadan, pulsuz hesabla sayt yığmaq olar.
1. Wix
Wix çoxlu dizayn şablonu və sürüklə-burax redaktoru təklif edir. Proqramlaşdırma bilmədən, pulsuz hesabla saytınızı yığa və onu fərdiləşdirmək üçün müxtəlif alətlərdən istifadə edə bilərsiniz. Pulsuz planda saytın ünvanı adiniz.wixsite.com/sayt kimi olur və səhifədə Wix-in reklam zolağı görünür.
2. WordPress.com
WordPress.com həm bloqerlər, həm də biznes sahibləri üçün geniş fərdiləşdirmə imkanları olan platformadır. Əsasən bloq və sadə saytlar üçün uyğundur, pulsuz hesabla sayt açmaq mümkündür. Onu öz hostinqinizə qurulan WordPress ilə qarışdırmayın: ikincisi də pulsuz proqramdır, amma onun üçün domen və hostinq lazımdır.
3. Weebly
Weebly kiçik bizneslər və şəxsi bloqlar üçün yaxşı alternativdir. Sayt qurmaq asan və tezdir, pulsuz plan da var. Platforma hazırda Square şirkətinə məxsusdur və sadə onlayn satış alətləri təklif edir.
4. Google Sites
Google Sites sadə saytlar üçün uyğundur. Google hesabınızla daxil olub bir neçə dəqiqəyə səhifə yığa bilərsiniz. İnterfeysi rahatdır və reklam göstərmir, amma dizayn imkanları başqa platformalardan azdır, bloq və mağaza funksiyaları isə yoxdur.
| Platforma | Pulsuz ünvan | Nə üçün uyğundur |
|---|---|---|
| Wix | adiniz.wixsite.com/sayt | vizitka, portfolio, kiçik biznes |
| WordPress.com | sayt.wordpress.com | bloq və məqalə saytı |
| Weebly | sayt.weebly.com | kiçik biznes, şəxsi sayt |
| Google Sites | sites.google.com/view/sayt | sadə məlumat, layihə və ya komanda səhifəsi |
Konstruktorlardan başqa yolları, yəni WordPress-i öz hostinqinizdə qurmağı və saytı studiyaya sifariş etməyi sıfırdan sayt yaratmaq haqqında yazımızda müqayisə etmişik.
Pulsuz sayt necə yaradılır
Platformanı seçməzdən əvvəl materialları hazırlayın. Şablonla işləmək tez gedir, amma mətn və şəkil olmayanda sayt həftələrlə yarımçıq qalır.
- saytın məqsədi: zəng, sifariş, portfolio və ya bloq
- loqo və ya heç olmasa adınızın səliqəli yazılışı
- 5–10 real şəkil: məhsul, iş nümunələri, ofis və ya özünüz
- «Haqqımızda» və xidmətlər üçün qısa mətnlər
- telefon, WhatsApp, ünvan və sosial şəbəkə linkləri
Sonrakı addımlar platformadan asılı olmayaraq təxminən eynidir:
- Platformanı seçin Yuxarıdakılardan birində e-poçt və ya Google hesabı ilə qeydiyyatdan keçin.
- Şablon seçin Saytın məqsədinə uyğun hazır şablonu götürün: bloq, portfolio və ya kiçik biznes.
- Mətn və şəkilləri dəyişin Şablondakı nümunə mətnləri öz məlumatlarınızla əvəz edin, loqo və şəkilləri yükləyin.
- Əlaqə məlumatlarını əlavə edin Telefon, ünvan, sosial şəbəkələr və əlaqə forması görünən yerdə olsun.
- Saytı dərc edin Dərc düyməsini basın. Sayt platformanın alt-domenində, məsələn adiniz.wixsite.com ünvanında açılacaq.
Məsləhət. Saytı dərc etməzdən əvvəl onu telefonda açın. Ziyarətçilərin böyük hissəsi saytı telefondan görür, kompüterdə səliqəli görünən şablon isə kiçik ekranda başqa cür düzülə bilər.
Pulsuz saytı Google-da necə tapdırmaq olar
Sayt dərc olunan kimi Google onu dərhal göstərmir. Pulsuz platformada da axtarışda görünmək üçün bir neçə sadə iş görmək olar:
- Səhifə başlıqları Platformanın SEO ayarlarında hər səhifəyə başlıq və qısa təsvir yazın. Başlıqda insanların axtardığı ifadə olsun, məsələn «Tort sifarişi Bakıda», «Əsas səhifə» yox.
- Google Search Console Əksər platformalarda saytı Google-un pulsuz Search Console xidmətinə qoşmaq olur. Orada saytın axtarışda görünüb-görünmədiyini və hansı sorğularla tapıldığını görəcəksiniz.
- Google Biznes Profili Ünvanınızı və ya xidmət göstərdiyiniz ərazini göstərən profil açın və saytın linkini ora yazın. Xəritədə axtaran müştəri sizi oradan tapır.
- Sosial şəbəkələr Saytın ünvanını Instagram, Facebook və WhatsApp Business profilinizə yazın. Bu, ilk ziyarətçilərin gəlməsinə kömək edir.
- Mətnlər Hər xidməti bir-iki cümlə ilə təsvir edin ki, müştəri nə etdiyinizi, kimin üçün, harada və neçəyə işlədiyinizi dərhal başa düşsün.
Pulsuz saytın məhdudiyyətləri
Pulsuz planın imkanları həmişə məhdud olur və sayt açmazdan əvvəl bunları bilmək lazımdır:
- Domen adı. Pulsuz saytlarda adətən platformanın alt-domeni olur (məsələn, adiniz.wixsite.com). Öz domeninizi qoşmaq əksər platformalarda yalnız ödənişli planda mümkündür. Domenin nə olduğunu və necə seçildiyini domen nədir yazısında izah etmişik.
- Reklamlar. Pulsuz platformalar saytınızda öz reklamlarını göstərə bilər. Bu, saytın görünüşünü korlayır və ziyarətçinin diqqətini yayındırır.
- Köçürmə. Sayt platformaya bağlıdır. Məsələn, Wix-də yığılmış saytı başqa hostinqə köçürmək olmur: platformanı dəyişəndə saytı yenidən yığmaq lazım gəlir.
- Google-da görünmə. Səhifə başlığını və təsvirini yazmaq olur, amma sürət, server və texniki ayarlar platformanın əlindədir.
- İmkanlar. Onlayn ödəniş, səbət, öz domenində e-poçt və geniş statistika adətən ödənişli planlardadır. Pulsuz plan şəxsi bloq, portfolio və kiçik layihə üçün uyğundur.
Pulsuz saytın üstünlükləri
- Pulsuzdur və bir neçə saata hazır olur
- Kod bilmək lazım deyil
- İdeyanı pul xərcləmədən sınamaq olur
- Hazır şablonlar telefonda da açılır
Çatışmazlıqları
- Ünvanda platformanın adı görünür
- Platforma reklam göstərə bilər
- Dizayn və funksiyalar şablonla məhduddur
- Saytı başqa hostinqə köçürmək çətindir
Pulsuz planda nə pulsuz deyil
Platformalar pulsuz planla başlamağa imkan verir, amma biznes üçün lazım olan funksiyaların çoxu ödənişli planlardadır:
- öz domeninizi qoşmaq;
- platformanın reklamını saytdan silmək;
- onlayn ödəniş, səbət və mağaza funksiyaları;
- bəzi şablonlar və platformanın əlavə tətbiqləri;
- öz domeninizdə e-poçt;
- daha çox yaddaş və geniş statistika.
Ödənişli plana keçəndə xərc adətən aylıq və ya illik abunə şəklində olur, sayt isə yenə platformada qalır. Ona görə keçməzdən əvvəl abunənin bir neçə illik cəmini öz saytınızın qiyməti ilə müqayisə edin.
Pulsuz sayt nə vaxt kifayət etmir
Saytdan sifariş, zəng və ya satış gözləyirsinizsə, pulsuz plan tez darlıq edir. Saytın satışa necə təsir etdiyini biznes üçün sayt hazırlanması haqqında yazımızda ayrıca izah etmişik. Aşağıdakı əlamətlərdən biri varsa, öz saytınız haqqında düşünməyin vaxtıdır:
- müştəri ünvanda brendinizin əvəzinə başqa platformanın adını görür;
- saytda onlayn ödəniş, səbət, filtr və ya şəxsi kabinet lazımdır;
- məhsul və xidmətlərin sayı artıb, şablon artıq yetmir;
- müştərinin Google-dan gəlməsini istəyirsiniz, rəqiblər isə öz saytları ilə üst sıralardadır;
- info@sirketiniz.az kimi korporativ e-poçt lazımdır.
| Vəziyyət | Nə uyğundur |
|---|---|
| Tələbə və ya yeni başlayan mütəxəssisin portfoliosu | Pulsuz platforma |
| Şəxsi bloq, tədbir və ya layihə səhifəsi | Pulsuz platforma |
| Yeni ideyanın ilk yoxlanışı | Pulsuz platforma, sonra landinq |
| Zəng və sifariş gözləyən kiçik biznes | Vizitka sayt |
| Xidmətlərini Google-dan satmaq istəyən şirkət | Korporativ sayt |
| Onlayn satış və kartla ödəniş | Onlayn mağaza |
Hazırladığımız layihələr bunu yaxşı göstərir. Rəsmi Garmin distribütorunun onlayn mağazası garmin.az, repetitor kataloqu tutor.az və icarə elanları platforması icare24.az şablonla qurulmur: onlara öz admin paneli, verilənlər bazası və biznesə görə yazılmış funksiyalar lazımdır. Portfolio saytı da biznes üçün olanda öz domenində daha ciddi görünür: memarlıq studiyası AA Arch Design-ın saytı aa-archdesign.com ünvanında, studiyanın öz adı ilə açılır.
Pulsuz saytdan öz saytına keçid nümunəsi
Tutaq ki, evdən tort sifarişi qəbul edirsiniz. Başlanğıcda Wix-də pulsuz sayt açırsınız: üç səhifə, tortların şəkilləri, təxmini qiymətlər və WhatsApp düyməsi. Bu mərhələdə pulsuz sayt öz işini görür: Instagram-dan gələn müştəri lazım olan məlumatı bir yerdə tapır.
Sifarişlər artanda yeni ehtiyaclar yaranır. Müştəri kataloqa baxıb çəkini və dizaynı seçmək, sifarişi formadan göndərmək istəyir, siz isə Google-da «tort sifarişi» axtaranlara görünmək istəyirsiniz. Pulsuz plan bunu vermir və keçid adətən belə gedir:
- Domen Markanızın adına uyğun qısa .az domeni seçilir.
- Sayt növü Kataloq və sifariş forması üçün vizitka və ya korporativ sayt kifayət edir; kartla ödəniş lazımdırsa, onlayn mağaza seçilir.
- Məzmunun köçürülməsi Pulsuz saytdakı mətnlər və şəkillər yeni sayta keçirilir, zəif mətnlər yenidən yazılır.
- Linklərin yenilənməsi Instagram, Google Biznes Profili və vizit kartlarında köhnə ünvan yenisi ilə əvəz olunur.
- Köhnə sayt Pulsuz saytda yeni ünvanı göstərən qısa qeyd saxlanılır ki, köhnə linklə gələn müştəri itməsin.
Bu ssenaridə pulsuz sayt boşa getmir: siz artıq hansı səhifələrin, şəkillərin və mətnlərin işlədiyini bilirsiniz və yeni saytı bu təcrübə ilə qurursunuz.
Bizdə pulsuz sayt almağın iki yolu
Pulsuz platformadan başqa, sayt üçün pul xərcləmədən başlamağın iki yolu da var. İkisi də hazırda qüvvədədir.
Giveaway-də saytı qazanın
Pulsuz sayt qazanmaq da olar. Saytımızda giveaway keçiririk: birinci yerin sahibi admin paneli olan saytı pulsuz alır, domen və server ilk il üçün hədiyyədir. İkinci və üçüncü yerlər sayt hazırlanmasına 70% və 50% endirim qazanır. İştirak etmək üçün pulsuz veb sayt səhifəsində e-poçtunuzu qeyd edin.
Qalib olmasanız da, heç nə itirmirsiniz: yuxarıdakı platformalardan birində başlayıb sonra öz saytınıza keçə bilərsiniz.
Startaplar üçün pulsuz sayt
Yeni ideyanız və komandanız var, amma sayt üçün büdcə yoxdursa, pulsuz startap saytı təklifimizə baxın. Perspektivli layihələri seçir və saytı onlara ödənişsiz hazırlayırıq. Müraciət üçün ideyanı, komandanı və saytdan gözləntinizi qısa yazıb contact@shaftali.az ünvanına göndərmək kifayətdir. Startapın ilk saytı üçün çox vaxt bir səhifəlik landinq yetir: problem və həll, məhsulun necə işlədiyi, komanda və müraciət forması.
Öz saytınız neçəyə başa gəlir
Platformadan çıxmaq qərarına gəlsəniz, qiymət saytın növündən asılıdır. Bizdə əsas sayt növlərinin qiyməti və hazırlanma müddəti belədir:
- Landinq, bir səhifəlik sayt (3–7 iş günü)
- 300–600 AZN
- Vizitka sayt, 3–5 səhifə (7–10 iş günü)
- 400–800 AZN
- Korporativ sayt (2–4 həftə)
- 800–2 000 AZN
- Standart onlayn mağaza (təxminən 1 ay)
- 1 500–3 000 AZN
Domen, hostinq və SSL ilk il üçün hədiyyədir, əsas SEO ayarları isə hər sayta daxildir. Qiymətin hansı amillərdən yarandığını veb sayt qiymətləri nəyə görə təyin olunur yazısında açmışıq. Korporativ e-poçt da pulsuz qurulur.
Öz saytını sifariş edəndə nə soruşmaq lazımdır
Sayt sifariş edəndə hansı studiya ilə işləməyinizdən asılı olmayaraq bu sualları verin:
- domen kimin adına qeydiyyata alınacaq (sizin adınıza olması daha düzgündür)
- saytda admin panel olacaqmı, mətn və şəkilləri özünüz dəyişə biləcəksinizmi
- sayt telefonda necə görünəcək, mobil versiya ayrıca yoxlanılırmı
- əsas SEO ayarları (başlıqlar, təsvirlər, sayt xəritəsi) qiymətə daxildirmi
- iş nə qədər çəkəcək və hansı mərhələlərlə gedəcək
- sayt təhvil veriləndən sonra sual yaranarsa, kimə müraciət edəcəksiniz
Bizdə əsas SEO ayarları hər sayta daxildir, müddət isə sayt növünə görə yuxarıdakı cədvəldəki kimidir.
Pulsuz sayt açanda edilən səhvlər
- Şablonun nümunə mətnləri saytda qalır. «Lorem ipsum» və ya şablondakı uydurma rəylər saytın yarımçıq olduğunu dərhal göstərir.
- Telefon nömrəsi yalnız «Əlaqə» səhifəsində olur və telefondan baxan ziyarətçi onu axtarmaqdan yorulur.
- Biznes uzun müddət alt-domendə qalır. Ünvan vizit kartlarına, Instagram-a və Google Xəritələrə yazılandan sonra onu dəyişmək çətinləşir, ona görə biznes üçün öz domeninizi əvvəldən almaq daha rahatdır.
- Hesab bir işçiyə bağlı olur. Saytı açan işçi gedəndə şirkət hesaba girişi itirə bilər, ona görə hesabı şirkətin ümumi e-poçtuna açın.
- Şəkillər Google-dan götürülür. Axtarışda tapılan şəkillərin çoxunun müəllifi var və onları icazəsiz istifadə etmək problem yarada bilər. Öz fotolarınızdan və ya pulsuz lisenziyalı foto saytlarından istifadə edin.
- Sayt açılıb unudulur. Köhnə qiymət və bağlanmış xidmət görən müştəri şirkətin hələ işləyib-işləmədiyinə şübhə edir.
Tez-tez verilən suallar
Həqiqətən tamamilə pulsuz sayt yaratmaq olar?
Bəli. Wix, WordPress.com, Weebly və Google Sites pulsuz planda sayt açmağa imkan verir. Sadəcə sayt platformanın alt-domenində olacaq və imkanlar məhdud olacaq.
Pulsuz saytda öz domenimi istifadə edə bilərəmmi?
Əksər platformalarda öz domeninizi qoşmaq yalnız ödənişli planda mümkündür.
Hansı pulsuz platforma daha yaxşıdır?
Məqsəddən asılıdır. Bloq üçün WordPress.com, vizitka və portfolio üçün Wix, bir-iki səhifəlik sadə məlumat üçün Google Sites rahatdır.
Pulsuz sayt biznes üçün uyğundurmu?
İdeyanı sınamaq və ilk müştəriləri tapmaq üçün bəli. Müntəzəm sifariş və satış gözləyirsinizsə, öz domeni və öz dizaynı olan sayt daha düzgün seçimdir.
Shaftali.az-dan pulsuz sayt almaq olarmı?
İki yolla: giveaway-də birinci yeri qazanmaqla və ya startapınız üçün pulsuz sayt təklifinə müraciət etməklə. Startap müraciətləri arasından seçim edilir.
Telefonla pulsuz sayt yaratmaq olarmı?
Bəzi platformaların mobil tətbiqi var, amma saytı kompüterdə yığmaq daha rahatdır. Telefonda isə hazır saytın necə göründüyünü yoxlayın.
Pulsuz saytı sonra öz domeninə keçirmək olarmı?
Eyni platformada ödənişli plana keçib domen qoşmaq olar. Başqa platformaya və ya hostinqə keçmək isə çox vaxt saytı yenidən yığmaq deməkdir, ona görə mətn və şəkillərin nüsxəsini özünüzdə saxlayın.
Pulsuz saytda onlayn mağaza açmaq olarmı?
Bəzi platformalarda sadə satış alətləri var, amma onlayn ödəniş, geniş kataloq və səbət adətən ödənişli planlardadır. Müntəzəm satış üçün öz onlayn mağazanız daha rahatdır.
Nəticə
Pulsuz sayt ideyanı sınamaq, bloq və ya portfolio açmaq üçün yaxşı başlanğıcdır. Bir platformada başlayın və hansı səhifələrin, hansı mətnlərin müştəri gətirdiyinə baxın. Saytdan müntəzəm sifariş və satış gözləməyə başlayanda isə öz domeni və öz dizaynı olan sayta keçmək vaxtı çatır. Bu keçid üçün büdcə ayırmaq çətindirsə, giveaway-də iştirak edin və ya startapınız üçün pulsuz sayt təklifinə müraciət edin.
Öz domeninizdə sayt açaq
Admin paneli və mobil uyğun dizaynı olan sayt hazırlayaq, domen, hostinq və SSL ilk il üçün hədiyyədir. Zəng edin: 077-388-42-42.