Domen almaq ilk baxışda beş dəqiqəlik işdir: adı yazırsınız, ödəyirsiniz və ünvan sizindir. Amma .az domeni şəxsiyyət vəsiqəsinin məlumatları ilə qeydiyyatdan keçir, bəzi zonalarda ilk il 2 dollara satılan domen ikinci ildən on dəfədən çox bahalaşır. «Pulsuz» domen də bəzən başqasının adına yazılır, biz isə saytların hazırlanması xidməti göstərəndə domeni həmişə müştərinin adına qeydiyyatdan keçiririk. Aşağıda domeni özünüz almaq üçün nə etməli olduğunuzu ardıcıllıqla yazmışıq.
Qısaca
- Adın boş olub-olmadığını .az üçün online.az-da, .com və digər zonalar üçün Hostinger-də pulsuz yoxlamaq olar: adı axtarışa yazmaq kifayətdir.
- .az domenini akkreditə olunmuş qeydiyyatçıda, məsələn online.az-da almaq rahatdır: şəxsiyyət vəsiqəsinin məlumatları kifayətdir, VÖEN tələb olunmur. Qiyməti ilk il 40 AZN, sonrakı hər il 20 AZN-dir, müraciətə 3 iş günü ərzində baxılır.
- .com və digər beynəlxalq zonaları kartla bir neçə dəqiqəyə almaq olur, Hostinger kimi qeydiyyatçılarda ilk il təxminən 10 AZN-dən başlayır.
- Yeniləmə qiymətinə baxın: Porkbun-da ilk il təxminən 2 dollara satılan .online və .shop domenləri ikinci ildən 28–31 dollara uzadılır.
- Hədiyyə domenin adətən yalnız birinci ili pulsuzdur. Domenin sizin adınıza yazıldığını və qeydiyyatçıdakı hesabın sizdə olduğunu yoxlayın.
Domen yoxlamaq: ad boşdur, yoxsa tutulub
Adı seçəndən sonra ilk iş onun boş olub-olmadığına baxmaqdır. Yoxlama pulsuzdur, bunun üçün hesab açmaq lazım deyil.
.az, .com.az, .org.az kimi Azərbaycan zonaları üçün adı online.az-da axtarışa yazın, cavab bir neçə saniyəyə çıxır. .com, .net, .org və digər zonalar üçün eyni yoxlamanı Hostinger-in domen axtarışında edə bilərsiniz.
Nəticəni belə oxuyun:
- Ad boşdursa, onu ilk müraciət edən alır, .az qaydaları da belədir. Bəyəndiyiniz adı almağı sonraya saxlamayın.
- Ad tutulubsa, başqa zonaya və ya adın başqa variantına baxın: .az tutulubsa, .com.az boş ola bilər, adın sonuna şəhər və ya fəaliyyət sahəsi də əlavə etmək olar.
- Tutulmuş adın boşalmasına ümid bağlamayın. Adlar boşalır: 2026-cı ilin əvvəlindən bəri .az zonasından 11 938 domen silinib. Amma konkret adın nə vaxt boşalacağını heç kim bilmir, sahib onu istənilən gün uzada bilər.
- Ad tanınmış ticarət nişanını təkrarlayırsa, ondan imtina edin. .az qaydalarına görə belə nişanın sahibi məhkəmə yolu ilə domenin ləğvini və ya ona verilməsini tələb edə bilər.
- Ad boş görünsə də, onu almaq həmişə mümkün olmur. .az adı 3–63 simvoldan ibarət olmalıdır, defislə başlaya və ya bitə bilməz. Azərbaycanın coğrafi adları (şəhər, rayon, çay, dağ) və tanınmış şəxslərin adları yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsdiqi ilə qeydiyyata alınır. Şəxs adı üçün həmin şəxsin və ya varislərinin razılığı da lazımdır.
Rəsmi statistikaya görə, 2026-cı il noyabrın 24-də .az zonasında 54 143 domen qeydiyyatda idi. Onlardan 50 774-ü birbaşa .az ünvanı idi, .com.az-da isə cəmi 1 774 ad vardı. Yəni domenlərin 94 faizə yaxını qısa .az formasındadır, ona görə adı ilk növbədə bu formada yoxlayın.
.az və .com: alışda nə fərqlidir
.az ilə .com arasındakı fərqi və adın necə seçildiyini domen nədir yazısında izah etmişik. Burada söhbət yalnız alışdan gedir.
.az domen
- Akkreditə olunmuş qeydiyyatçıda və ya onunla işləyən şirkətdə alınır
- Şəxsiyyət vəsiqəsinin məlumatları kifayətdir, VÖEN tələb olunmur
- Qeydiyyat 3 iş gününə qədər çəkir
- Ödəniş manatla: online.az-da ilk il 40 AZN, sonra ildə 20 AZN
.com domen
- İstənilən beynəlxalq qeydiyyatçıdan onlayn alınır
- Sənəd istənmir, amma ad, ünvan və e-poçt düzgün yazılmalıdır
- Qeydiyyat ödənişdən bir neçə dəqiqə sonra tamamlanır
- Ödəniş adətən dollarla, kartla, ilk il təxminən 10 AZN-dən
Müştəriləriniz Azərbaycandadırsa, əsas ünvan .az olur. .online, .shop, .store kimi yeni zonalarda domeni bəzi qeydiyyatçılar ilk il 2–3 dollara satır, amma seçməzdən əvvəl aşağıdakı cədvəldə yeniləmə qiymətinə baxın.
Azərbaycanda .az domen almaq: qaydalar və addımlar
.az zonasında qeydiyyat qaydaları Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiqlənib, domenləri bu qaydalara görə qeydiyyatçı şirkətlər satır.
.az domenini yalnız rəsmi qeydiyyatçılar qeydiyyata alır, hazırda onlar ikidir: online.az və smarthost.az.
Biz .az domenlərini online.az saytında qeydiyyatdan keçiririk və onu sizə də tövsiyə edirik: Azərbaycanın bütün zonaları (.az, .com.az, .org.az və başqaları) bir yerdədir, .az domeni ilk il 40 AZN, sonrakı hər il 20 AZN-dir, DNS serverlərini və əlaqə məlumatlarını şəxsi kabinetdən özünüz dəyişirsiniz. Hostinq şirkətləri və veb studiyalar da .az domeni satır, amma rəsmi qeydiyyatçı deyillər: müraciəti sizin məlumatlarınızla qeydiyyatçıya göndərirlər. Onlardan alanda ikinci ilin məbləğini əvvəlcədən soruşun.
Qeydiyyat üçün hansı məlumatlar lazımdır
Qeydiyyatçıda hesab açanda qaydalar bu məlumatları tələb edir:
- fiziki şəxs üçün ad, soyad, ata adı, vətəndaşlıq, ünvan, telefon və e-poçt, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, onu verən orqan və verilmə tarixi;
- şirkət üçün tam adı, qeydiyyat ölkəsi, ünvanı, telefonu və e-poçtu, həmçinin rəhbərinin və ya nümayəndəsinin şəxsi məlumatları və şəxsiyyət vəsiqəsi.
VÖEN lazım deyil: domeni fiziki şəxs kimi almaq üçün şəxsiyyət vəsiqəsinin məlumatları kifayətdir. Məlumatlar doğru olmalıdır: başqasının adını və sənədini yazmaq qaydalarla qadağandır, səhv doldurulmuş müraciət rədd edilir. Ünvan, telefon və ya e-poçt sonradan dəyişsə, 3 iş günü ərzində qeydiyyatçıya bildirin, əks halda domen dayandırılır. Hesab açanda şəxsiyyət vəsiqəsindəki FİN kodunu da soruşurlar: kod səhv yazılsa, online.az hesabı müvəqqəti bağlayır.
- Adı yoxlayın Adın hələ boş olduğuna online.az-da bir daha baxın və bir-iki ehtiyat variant hazırlayın: sifarişə qədər adı başqası tuta bilər.
- Hesab açın Siyahıdakı qeydiyyatçının saytında və ya onunla işləyən şirkətdə qeydiyyatdan keçin, yuxarıdakı məlumatları daxil edin.
- Sifariş verin və ödəyin Ödəniş manatla qəbul olunur: kartla, bank köçürməsi ilə və ya nağd. Qeydiyyatdan imtina olunsa, ödədiyiniz məbləğ qaytarılır.
- Təsdiqi gözləyin Qaydalara görə müraciətə ən geci 3 iş günü ərzində baxılır, cavab e-poçtunuza və kabinetinizə gəlir.
- DNS serverlərini yazın .az domeni üçün ən azı iki DNS server lazımdır, əsas və ehtiyat, hər biri ayrı IP ünvanında. Onları hostinq şirkəti verir.
- Müqaviləni yoxlayın Qeydiyyatçı sizinlə müqavilə bağlayır. Orada sahib kimi kimin yazıldığına baxın və müqavilənin nüsxəsini saxlayın.
.az domenini 1 ildən 10 ilə qədər müddətə qeydiyyata almaq olar, pulu il hesabı ilə ödəyirsiniz. Müddət bitməzdən ən azı bir ay əvvəl qeydiyyatçı e-poçtla xəbərdarlıq göndərməlidir. Vaxtında ödənilməyən domen dayandırılır: sayt açılmır, korporativ e-poçta məktub gəlmir. Sonrakı 30 gün ərzində ödəsəniz, domen 24 saat içində bərpa olunur. Ödəməsəniz, qeydiyyat ləğv edilir və adı başqası ala bilər.
Onlayn domen almaq: .com və digər beynəlxalq zonalar
.com, .net, .org və yeni zonalarda domenləri beynəlxalq qeydiyyatçılar satır: Hostinger, Porkbun, Namecheap, Cloudflare Registrar, GoDaddy və başqaları. Saytda hesab açır, adı axtarır və beynəlxalq ödənişə açıq Visa və ya Mastercard kartı ilə ödəyirsiniz. Sahib kimi yazdığınız ad və e-poçt domenin kimə məxsus olduğunu göstərir, ona görə orada başqasının yox, öz adınız və e-poçtunuz olmalıdır.
Hostinger-də .com və digər zonalar ilk il təxminən 10 AZN-dən başlayır. Orada hostinqi və e-poçtu da eyni hesabda almaq olur, ona görə hər şeyi bir paneldə saxlamaq istəyənlər üçün rahatdır.
Qeydiyyatçı seçəndə ilk ilin endirimli qiymətinə yox, yeniləmə qiymətinə baxın. Yaxşı qeydiyyatçı yeniləmə qiymətini və müddəti keçmiş domenin bərpa qiymətini saytında açıq yazır. Porkbun sahibin adını, telefonunu və e-poçtunu hamının görə biləcəyi domen məlumatlarında pulsuz gizlədir və bu xidmət yeni domendə avtomatik qoşulur. Başqa qeydiyyatçıda onun ayrıca pullu olub-olmadığına səbətdə baxın. Cloudflare Registrar domeni əlavə haqq qoymadan, maya dəyərinə satır, amma orada domen yalnız Cloudflare-in DNS serverləri ilə işləyir: fərqli DNS xidməti istəsəniz, domeni başqa qeydiyyatçıya köçürməli olacaqsınız.
Ödənişdən sonra iki şeyi yadda saxlayın. Qeydiyyatçı e-poçtunuza təsdiq məktubu göndərir: 15 gün ərzində ünvanı təsdiqləməsəniz, domen dayandırıla bilər. Yeni domeni ilk 60 gün ərzində başqa qeydiyyatçıya köçürmək çox vaxt mümkün olmur, ona görə qeydiyyatçını əvvəlcədən düşünüb seçin.
Domen qiymətləri: ilk il və sonrakı illər
Domenin pulunu sayt işlədikcə hər il ödəyirsiniz, odur ki variantları beş illik xərclə müqayisə edin. Cədvəldəki qiymətləri 2026-cı ilin noyabrında qeydiyyatçıların və satıcıların saytlarından götürmüşük, dolları Mərkəzi Bankın 1,70 AZN məzənnəsi ilə çevirmişik.
| Domen və haradan alınır | Birinci il | Sonrakı hər il | 5 ildə cəmi |
|---|---|---|---|
| .com, Porkbun | 11,81 USD (≈ 20 AZN) | 11,81 USD (≈ 20 AZN) | ≈ 100 AZN |
| .online, Porkbun | 1,96 USD (≈ 3,3 AZN) | 28,84 USD (≈ 49 AZN) | ≈ 199 AZN |
| .shop, Porkbun | 2,06 USD (≈ 3,5 AZN) | 31,41 USD (≈ 53 AZN) | ≈ 217 AZN |
| .com, Azərbaycandakı satıcılardan biri | 25 AZN | 40 AZN | 185 AZN |
| .az, online.az | 40 AZN | 20 AZN | 120 AZN |
| .az, xarici qeydiyyatçı (101domain) | 524,99 USD (≈ 892 AZN) | 619,49 USD (≈ 1 053 AZN) | ≈ 5 105 AZN |
| .az və ya .com, Shaftali.az-da sayt sifarişi ilə | Pulsuz | .az 20 AZN, .com təxminən 15–20 AZN | .az 80 AZN, .com 60–80 AZN |
.online və .shop yalnız birinci il ucuzdur: beş ildə onlar .com-dan təxminən iki dəfə baha başa gəlir. Endirimlə satılan .com da ikinci ildən bahalaşa bilər, ona görə yerli satıcıda da yeniləmə qiymətini soruşun. .az domenini isə xarici saytlardan almayın: online.az-da eyni domen ilk il 20 dəfədən çox ucuzdur.
Pulsuz domen: harada tələ var
«Pulsuz domen» deyəndə adətən bu üç variantdan biri nəzərdə tutulur.
- Hostinq və ya sayt sifarişi ilə domen hədiyyə edilir. Pulsuz olan adətən yalnız birinci ildir, sonra domen adi qiymətlə uzadılır.
- Sayt konstruktorunun pulsuz planında ünvan sizinad.konstruktor.com kimi olur. Bu, platformanın alt domenidir və sizə məxsus deyil: vizit kartında zəif görünür, platformanı dəyişəndə ünvan itir.
- .tk, .ml, .ga, .cf və .gq zonalarında domenləri pulsuz paylayan Freenom 2023-cü ildə yeni qeydiyyatı dayandırdı. Bu zonalar fişinq saytlarına görə pis ad çıxarmışdı, biznes saytı üçün onlardan uzaq durun.
Diqqət. Hədiyyə domeni qəbul etməzdən əvvəl üç sualın cavabını yazılı alın: ikinci ildən yeniləmə neçəyədir, domen kimin adına qeydiyyatdan keçir və hostinqi başqa yerə köçürsəniz, domen sizdə qalırmı.
Bizdə də sayt sifariş edəndə domen ilk il pulsuzdur. İkinci ildən .az ildə 20 AZN-ə, .com isə təxminən 15–20 AZN-ə uzadılır. Domen sizin adınıza qeydiyyatdan keçir və əməkdaşlığı dayandırsanız belə, sizdə qalır. Sayt sifariş etməsəniz də kömək edirik: domeni sizin adınıza alır, serverə qoşur, korporativ e-poçt ünvanlarını açır və saytı işə salırıq. Hostinq və e-poçtla birlikdə bütün şərtləri domen qeydiyyatı səhifəsində yazmışıq.
Domeni öz adınıza almaq: sahib və hesab
Qeydiyyatda domenin sahibi və əlaqə şəxsləri ayrıca göstərilir. Domen hüquqi olaraq sahibə məxsusdur. İnzibati, texniki və ödəniş üzrə əlaqə şəxsləri isə başqa adamlar ola bilər: məsələn, texniki işlərə saytı quran şirkət, ödənişlərə mühasib baxır. Amma sahib xanasında həmişə domendən istifadə edən şəxs və ya şirkət olmalıdır.
Sahibi sonradan dəyişmək asan deyil. Qeydiyyatçılardan birinin kabinetində əlaqə şəxslərini özünüz dəyişə bilərsiniz, sahibin məlumatlarını isə yox. .az zonasında sahib yalnız yazılı müraciətlə dəyişir: indiki sahib ərizə yazır, yeni sahib qeydiyyatçı ilə yeni müqavilə bağlayır. Tutulmuş .az domenini sahibi sizə vermək istəsə də, yol eynidir. .com kimi zonalarda sahib dəyişəndən sonra domen adətən 60 gün başqa qeydiyyatçıya köçürülə bilmir.
Qeydiyyatçıdakı hesab da ayrıca məsələdir. Domen sizin adınıza olsa da, hesabın giriş məlumatları saytı quran şirkətdədirsə, DNS-i, yeniləməni və köçürməni əslində o idarə edir. Üstəlik, online.az-da eyni FİN koduna ikinci hesab açmaq olmur: sistem şifrəni bərpa etməyi təklif edir, bərpa məktubu da hesabdakı e-poçta gedir. Yəni şirkət hesabı sizin FİN kodunuzla, amma öz e-poçtu ilə açıbsa, yeni hesab aça bilməyəcəksiniz, köhnəsinə girmək üçün də ona müraciət etməli olacaqsınız. Ona görə hesab şirkətinizin daim yoxlanan e-poçtuna açılmalı, şifrə sizdə olmalıdır. Bunu müqaviləyə yazdırın. İcraçıya veriləcək başqa sualları sayt sifarişi haqqında yazımızda toplamışıq.
Domeni aldıqdan sonra: DNS, SSL və e-poçt
Domeni alan kimi bu işləri görün:
- Qeydiyyatçının məktubunu tapın və e-poçt ünvanınızı təsdiqləyin.
- Qeydiyyatçı avtomatik yeniləmə təklif edirsə, onu açın və hesaba bağlı kartın müddətinə baxın. .az qeydiyyatçılarından biri müddət bitməyə 30, 15 və 5 gün qalmış xəbərdarlıq göndərir, amma hesabdakı e-poçtu artıq heç kim yoxlamırsa, bu məktublar oxunmadan qalır.
- Hostinq şirkətinin verdiyi DNS serverlərini (NS) və ya A qeydini yazın. NS dəyişikliyi 4–24 saata hər yerə çatır, bu müddətdə sayt bəzi ziyarətçilərdə hələ köhnə serverdən açıla bilər.
- SSL sertifikatının avtomatik yenilənməsini qurun. 2026-cı il martın 15-dən yeni sertifikat ən çox 200 gün qüvvədə olur, 2027-ci il martın 15-dən bu müddət 100 günə enəcək.
- Domendə e-poçt açacaqsınızsa, poçtun işləməsi üçün DNS-ə xüsusi qeydlər əlavə olunur. Onlarsız məktublarınız Gmail-də spama düşə və ya ümumiyyətlə çatmaya bilər.
DNS-i idarə etməyin iki yolu var. NS serverlərini hostinqə yönəltsəniz, bütün qeydləri hostinq panelində dəyişirsiniz. DNS-i qeydiyyatçıda və ya ayrıca DNS xidmətində saxlayıb yalnız A qeydini serverin IP ünvanına yönəltsəniz, sonra hostinqi dəyişmək asan olur və e-poçt qeydlərinə toxunmaq lazım gəlmir. Hostinqin necə seçildiyini hostinq nədir yazısında izah etmişik.
DNS-i başqa yerə köçürəndə poçt qeydlərini də yeni yerə yazın. Bunu unutsanız, sayt açılacaq, amma e-poçt işləməyəcək.
Domendə info@ və ya satis@ kimi ünvanları necə açmağı və telefona necə qoşmağı korporativ e-poçt haqqında yazıda göstərmişik.
Domen alarkən ən çox edilən səhvlər
- Beş illik fərqi hesablamamaq. Cədvəldəki .online beş ildə .com-dan təxminən 100 AZN baha başa gəlir, xarici saytdan alınan .az isə online.az-dakından təxminən 5 000 AZN baha olur.
- Adı ödənişdən əvvəl hərf-hərf yoxlamamaq. Səhv yazılmış domeni düzəltmək olmur, yenisini almaq lazımdır, ödənilən pul da adətən qaytarılmır.
- Domeni almağı sayt hazır olana qədər təxirə salmaq. Bizdə landinq 3–7 iş günü, korporativ sayt 2–4 həftə hazırlanır. Bu arada adı başqası tutsa, loqonu, vizit kartını və reklamı yeni ada görə dəyişməli olacaqsınız.
Tez-tez verilən suallar
.az domen almaq neçəyə başa gəlir?
online.az-da .az domeni ilk il 40 AZN, sonrakı hər il 20 AZN-dir, VÖEN tələb olunmur. Bizdə sayt sifariş edəndə .az domeni ilk il pulsuzdur, sonra hər il 20 AZN-ə uzadılır. Xarici saytlarda isə .az çox baha ola bilər: məsələn, 101domain onu ildə 524,99 dollara satır.
Pulsuz domen almaq olarmı?
Sizin adınıza olan və həmişə pulsuz qalan domen, demək olar ki, yoxdur. Hostinq və ya sayt sifarişi ilə domen adətən bir il hədiyyə edilir, sonra adi qiymətlə uzadılır. Sayt konstruktorlarının pulsuz ünvanı isə platformanın alt domenidir.
Domen necə almaq olar?
Əvvəlcə adın boş olduğunu yoxlayın. .az domenini akkreditə olunmuş qeydiyyatçının və ya onunla işləyən satıcının saytında hesab açıb sifariş edirsiniz. .com və digər beynəlxalq zonalarda isə domeni Hostinger, Porkbun kimi qeydiyyatçıların saytında kartla alırsınız. Hər iki halda sahib kimi öz adınızı və ya şirkətinizin adını yazın.
Domenin boş olduğunu necə yoxlamaq olar?
Azərbaycan zonaları üçün adı online.az-da axtarışa yazın. .com, .net və digər zonalar üçün Hostinger-in və ya istənilən qeydiyyatçının axtarışı işə yarayır. Yoxlama pulsuzdur.
Sayt açmaq üçün domen almaq kifayətdirmi?
Xeyr. Domen yalnız ünvandır. Saytın faylları üçün hostinq, https bağlantısı üçün isə SSL sertifikatı lazımdır. Bizdə sayt sifariş edəndə üçü də ilk il pulsuzdur, ikinci ildən hostinq ildə 150 AZN-dir.
Domen qeydiyyatı nə qədər çəkir?
Beynəlxalq zonalarda qeydiyyat bir neçə dəqiqə çəkir. .az zonasında qaydalar müraciətə baxmaq üçün ən çoxu 3 iş günü vaxt verir. DNS serverləri yazılandan sonra sayt adətən 4–24 saat ərzində hər yerdə açılır.
Saytla birlikdə domen ilk il pulsuz
Saytınızı bizdə sifariş edin: domen, hostinq və SSL sertifikatı ilk il pulsuzdur. Domeni sizin adınıza qeydiyyatdan keçiririk, bütün girişləri və mənbə kodunu sizə veririk. Sayt serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur və 24/7 işləyir. Telefon: 077-388-42-42, e-poçt: contact@shaftali.az.