Saytın strukturu səhifələrin necə qruplaşdırıldığı və bir-birinə necə bağlandığıdır: hansı bölmələr var, hansı səhifə hansının altındadır, menyuda nə görünür, ünvanlar necə yazılır. Struktur zəif olanda ziyarətçi qiyməti və ya telefonu tapmır, Google isə əsas xidmət səhifənizi ikinci dərəcəli səhifə kimi görə bilər.
Biz veb sayt hazırlanması ilə məşğuluq və hər layihədə dizayndan əvvəl strukturu sifarişçi ilə razılaşdırırıq. Aşağıdakı nümunələrdə kondisioner quraşdıran və təmir edən şirkətin saytını götürmüşük, eyni üsul istənilən xidmət saytına yarayır.
Qısaca
- Struktur səviyyələrdən, bölmələrdən, menyudan, ünvanlardan və daxili keçidlərdən ibarətdir. Google saytı məhz bu keçidlərlə gəzir.
- Biznes saytlarının çoxu iyerarxik, yəni ağacvari qurulur: əsas səhifə, onun altında bölmələr, bölmələrin altında konkret səhifələr. Landinq xətti olur.
- Plana müştərinin Google-da yazdığı sözlərdən başlayın: bir sorğuya bir səhifə. Vacib səhifəyə əsas səhifədən ən çox üç kliklə çatmaq olsun.
- Ünvanları qısa və kiçik hərflərlə yazın, ə, ç, ş əvəzinə e, c, s işlədin, sözləri defislə ayırın. Ünvan dəyişəndə köhnəsini 301 yönləndirmə ilə yenisinə bağlayın.
Saytın strukturu nədir
Saytın strukturunu kitabın mündəricatına bənzətmək olar, amma sayt kitab kimi vərəq-vərəq oxunmur: ziyarətçi menyu və linklərlə istədiyi səhifəyə birbaşa gedir. Struktur bu yolları əvvəlcədən müəyyən edir:
- səviyyələr: əsas səhifə birinci səviyyədir, «Xidmətlər» bölməsi ikinci, konkret xidmətin səhifəsi üçüncü;
- menyu: yuxarıdakı əsas menyu, aşağıdakı footer menyu və başlığın üstündəki naviqasiya zənciri;
- ünvanlar (URL): brauzerin ünvan sətrində görünən yol, məsələn, /xidmetler/kondisioner-temiri;
- daxili keçidlər: mətndə, kartlarda və düymələrdə olan, saytın başqa səhifələrinə aparan linklər.
Bu hissələr bir-birinə uyğun gəlməlidir. Menyuda «Xidmətlər» bölməsi varsa, bütün xidmət səhifələrinin ünvanı bir qovluqdan başlasın, məsələn, /xidmetler/, naviqasiya zəncirində də «Əsas səhifə › Xidmətlər › Kondisioner təmiri» görünsün. Ziyarətçi harada olduğunu, Google isə səhifənin hansı qrupa aid olduğunu belə başa düşür.
Struktur ziyarətçiyə və Google-a nə verir
Kondisioner təmiri axtaran adam saytınızda qiyməti və telefonu bir-iki kliklə tapmalıdır. Bütün xidmətlər uzun bir səhifəyə yığılıbsa, o lazım olan abzası axtarmayacaq, Google-a qayıdıb növbəti nəticəni açacaq.
Google-un SEO üzrə başlanğıc təlimatına görə, axtarış sistemi yeni səhifələri əsasən artıq tanıdığı səhifələrdəki keçidlərdən tapır. Keçidlər həm də siqnaldır: Google onları səhifənin hansı mövzuya uyğun olduğunu müəyyən edəndə nəzərə alır. Saytın heç bir səhifəsindən keçid almayan səhifəni Google gec tapır, bəzən heç tapmır.
Axtarışda şirkətin adını yazanda Google bəzən nəticənin altında saytın daxili səhifələrinə keçidlər göstərir: «Xidmətlər», «Qiymətlər», «Əlaqə». Bunlara sitelinks deyilir. Sayt sahibi onları əl ilə əlavə edə bilmir: Google saytın keçid strukturunu təhlil edib bu keçidləri özü seçir. Onların çıxma şansını artırmaq üçün Google məntiqli struktur və qısa, aydın səhifə başlıqları tövsiyə edir.
Saytın strukturunun növləri: iyerarxik, xətti, şəbəkə və qarışıq
Dərsliklərdə və SEO yazılarında ən çox bu dörd növə rast gəlinir, real saytlar isə əksər hallarda onların qarışığıdır.
| Növ | Necə qurulur | Harada işlənir | Zəif tərəfi |
|---|---|---|---|
| İyerarxik (ağacvari) | Əsas səhifədən bölmələrə, bölmələrdən konkret səhifələrə budaqlanır | Korporativ sayt, onlayn mağaza, kataloq | Səviyyə çox olanda vacib səhifələr dərinə düşür |
| Xətti | Səhifələr və ya bloklar ardıcıl düzülür | Landinq, sifarişin rəsmiləşdirilməsi, onlayn kursun dərsləri | Sərbəst gəzmək olmur, çox xidməti olan biznesə uyğun deyil |
| Şəbəkə | Hər səhifə mövzuca yaxın səhifələrə keçid verir, dəqiq səviyyə bölgüsü yoxdur | Vikipediya, bilik bazaları | Ziyarətçi azır, sayt böyüdükcə idarə etmək çətinləşir |
| Qarışıq | Ağacın üstünə çarpaz keçidlər və xətti hissələr əlavə olunur | Bloqu, mağazası və ya sifariş forması olan biznes saytları | Ümumi qayda yazılmasa, hər yeni bölmə öz məntiqi ilə əlavə olunur |
Biznes saytında iş demək olar ki, həmişə ağacdan başlayır. Xətti hissələr bu ağacın içində yer alır: mağazada səbət, çatdırılma və ödəniş addımları ardıcıl gedir. Şəbəkə hissəsini daxili keçidlər yaradır: bloq yazısından xidmətə, xidmətdən görülmüş işə.
Sayt strukturu necə planlaşdırılır: 6 addım
Strukturu dizayndan və mətnlərdən əvvəl qurun: hazır saytda səviyyələri dəyişmək ünvanları, menyunu və keçidləri birlikdə dəyişmək deməkdir.
- Satdığınız hər şeyi yazın Bütün xidmətləri və məhsul qruplarını siyahıya çıxarın. Yanına müştərilərin telefonda ən çox verdiyi sualları əlavə edin: qiymət, müddət, zəmanət, ünvan.
- Müştərinin sözlərini tapın Hər xidmətin adını Google-un axtarış sətrinə yazın və altda çıxan təklifləri qeyd edin. Saytınız varsa, Search Console insanların sizi hansı sorğularla tapdığını göstərir. Siz xidməti «iqlim sistemlərinə texniki xidmət» adlandıra bilərsiniz, müştəri isə axtarışda «kondisioner təmiri» yazır.
- Sorğuları qruplaşdırın «Kondisioner təmiri» və «kondisioner ustası» sorğularını eyni ehtiyacı olan adam yazır, ikisi də bir səhifəyə aiddir. «Kondisioner quraşdırılması» isə başqa xidmətdir, ona ayrıca səhifə lazımdır.
- Səviyyələri müəyyən edin Qrupları bölmələrə yığın. Biznes saytına adətən üç səviyyə bəs edir. Vacib səhifəyə əsas səhifədən ən çox üç kliklə çatmaq olsun: bu, Google-un qaydası deyil, təcrübədən gələn ölçüdür.
- Sxemi çəkin Ağacı kağızda, Google Sheets-də və ya Figma-da qutu və xətlərlə çəkin. Hər qutunun yanına səhifənin ünvanını və əsas sorğusunu yazın.
- Sxemi sorğularla tutuşdurun Üçüncü addımdakı hər qrupun sxemdə öz səhifəsi olsun, iki səhifə eyni sorğu üçün yazılmasın. Əsas səhifədən başqa hər səhifənin bir üst bölməsi və ona aparan ən azı bir keçid olsun, yoxsa səhifə saytda yetim qalacaq.
Kondisioner şirkətinin saytı üçün cədvəl təxminən belə alınır:
| Səhifə | Ünvan | Əsas sorğu | Səviyyə |
|---|---|---|---|
| Əsas səhifə | / | kondisioner xidməti Bakı | 1 |
| Xidmətlər | /xidmetler | kondisioner xidmətləri | 2 |
| Kondisioner təmiri | /xidmetler/kondisioner-temiri | kondisioner təmiri | 3 |
| Kondisioner quraşdırılması | /xidmetler/kondisioner-qurasdirilmasi | kondisioner quraşdırılması | 3 |
| Qiymətlər | /qiymetler | kondisioner xidməti qiymətləri | 2 |
Belə cədvəl hamıya lazımdır: dizayner menyunu, proqramçı ünvanları, mətn yazan adam hər səhifənin mövzusunu oradan götürür. Saytın hazırlanma mərhələləri arasında bu iş dizayndan əvvəl gəlir: cədvələ görə boz bloklarla səhifələrin sxemi çəkilir, maket sonra onun əsasında hazırlanır.
Saytın menyusu necə qurulur
Menyu ağacın yuxarı səviyyələrindən yığılır, ona görə sxem yaxşı düşünülübsə, menyu da sadə alınır. Əsas qaydalar bunlardır:
- Yuxarı menyuda 4–6 bənd saxlayın, bölmə çox olanda 7-yə qədər. Bizim saytda yeddi bənd var: Əsas səhifə, Haqqımızda, Portfolio, Xidmətlər, Qiymətlər, Bloq, Əlaqə.
- Bəndləri müştərinin sözləri ilə adlandırın: «Həllərimiz» əvəzinə «Xidmətlər», «Əməkdaşlıq» əvəzinə «Əlaqə».
- Alt menyunu bir pillədə saxlayın: «Xidmətlər» bəndinin altında konkret xidmətlər açılsın, onların öz alt menyusu olmasın. Daha dərin səhifələri bölmə səhifəsində kartlarla göstərin.
- Mobil versiyada menyu üç xətli düymənin arxasında gizlənir, amma telefon nömrəsi və müraciət düyməsi ekranda qalmalıdır.
- Footer menyuya ikinci dərəcəli səhifələri qoyun: məxfilik siyasəti, istifadə şərtləri, vakansiyalar, bütün xidmətlərin siyahısı.
Naviqasiya zənciri (breadcrumbs)
Naviqasiya zənciri səhifənin yuxarısındakı kiçik sətirdir: «Əsas səhifə › Xidmətlər › Kondisioner təmiri». Ziyarətçi onunla harada olduğunu görür və bir kliklə yuxarı bölməyə qayıdır. Səhifənin koduna BreadcrumbList nişanlaması əlavə olunanda Google zənciri kompüterdəki axtarış nəticələrində göstərə bilər. Google zəncirin URL-i təkrarlamasını yox, ziyarətçinin səhifəyə adətən gəldiyi yolu göstərməsini tövsiyə edir.
Menyunun telefonda necə görünəcəyi, alt menyunun necə açılacağı veb dizayn mərhələsində həll olunur. Struktur bəndlərin adını və sayını müəyyən edir, onların necə görünəcəyini dizayner qərara alır.
Səhifələrin ünvanları (URL) necə yazılır
Ünvan səhifənin adıdır və illərlə dəyişməməlidir. Google-un URL tövsiyələri qısadır: uzun ID nömrələri yerinə oxunaqlı sözlər yazın, sözləri alt xətlə yox, defislə ayırın, lazımsız parametrlər qoymayın.
Belə yazın
- /xidmetler/kondisioner-temiri
- /blog/kondisioner-nece-secilir
- /kataloq/kondisionerler/inverter
Belə yazmayın
- /index.php?id=57&cat=3
- /xidmətlər/kondisioner_təmiri
- /Xidmetler/Kondisioner-Temiri
Google ünvanda auditoriyanızın dilindəki sözləri işlətməyi tövsiyə edir, amma ə, ç, ş kimi hərflər kodlaşdırılmış şəkildə (percent-encoding) ötürülür. Ona görə /əlaqə ünvanı brauzerdən kopyalanıb mesaja yapışdırılanda /%C9%99laq%C9%99 kimi görünə bilər. Bu hərfləri ingilis əlifbasındakı qarşılığı ilə əvəz edin: ə → e, ç → c, ş → s, ı → i, ğ → g, ö → o, ü → u. Google transliterasiyanı da məqbul sayır.
Ünvanı kiçik hərflərlə yazın: Google /Elaqe və /elaqe ünvanlarını iki ayrı səhifə sayır. Bölməni ünvanda saxlayın: /xidmetler/ və /blog/ kimi qovluqlar oxşar səhifələri bir qrupa yığır. İli və ya kampaniyanın adını ünvana yalnız səhifə ona aiddirsə yazın, yoxsa gələn il ünvanı dəyişməli olacaqsınız.
Ünvanı dəyişəndə yönləndirmə qoyun. Köhnə ünvan 301 yönləndirmə ilə yenisinə bağlanmasa, ona aparan linklər 404 xətası verir və səhifənin axtarışdakı yeri itə bilər. Google yönləndirmələri mümkün qədər uzun, ən azı bir il saxlamağı və daxili keçidləri yeni ünvanlara dəyişməyi tövsiyə edir. Bütün köhnə ünvanları əsas səhifəyə yönləndirməyin: hər köhnə ünvanı mövzuca ona uyğun yeni səhifəyə bağlayın.
Daxili keçidlər: səhifələri bir-birinə necə bağlamalı
Menyu ağacın yalnız yuxarı hissəsini göstərir, qalan səhifələrə yolu daxili keçidlər açır. Google-un sənədindəki qayda sadədir: vacib saydığınız hər səhifəyə saytın ən azı bir başqa səhifəsindən keçid olmalıdır. Ən çox bu keçidlər lazım olur:
- bloq yazısından həmin mövzudakı xidmətə: «kondisioner necə seçilir» yazısından quraşdırma səhifəsinə;
- xidmət səhifəsindən bu xidmət üzrə görülmüş işlərə və əksinə;
- kateqoriyadan məhsullara, məhsuldan oxşar məhsullara və aksesuarlara;
- əsas səhifədən ən çox sifariş olunan xidmətlərə birbaşa, bölmə səhifəsindən keçmədən.
Google istəyir ki, keçidin mətni qısa olsun və hara apardığını desin. «Bura klikləyin» və «daha çox oxu» kimi mətnlər Google üçün çox ümumidir. Keçid adi <a href> teqi ilə yazılmalıdır: yalnız JavaScript ilə işləyən düymələrdəki ünvanları Google həmişə tapa bilmir.
Böyük saytda hər səhifənin keçid alıb-almadığını əl ilə yoxlamaq olmur. Saytı Google kimi gəzən proqramlar (crawler) keçidsiz qalan səhifələri və qırıq linkləri siyahı ilə çıxarır. Bu yoxlama SEO auditinin bir hissəsidir, auditə daha nələrin daxil olduğunu SEO xidməti nədir yazısından öyrənə bilərsiniz.
Sayt xəritəsi: sitemap.xml, HTML xəritə və struktur xəritə
Saytla bağlı «xəritə» sözü üç fərqli şeyə deyilir və onları tez-tez qarışdırırlar:
| Ad | Nədir | Kim üçündür | Harada olur |
|---|---|---|---|
| sitemap.xml | Axtarışa çıxmalı olan səhifələrin ünvanlarından ibarət fayl | Google və başqa axtarış sistemləri | domeniniz.az/sitemap.xml |
| HTML sayt xəritəsi | Bütün bölmə və səhifələrin keçidli siyahısı olan səhifə | Ziyarətçi | Çox vaxt footerdən açılır |
| Struktur xəritə | Planlaşdırma zamanı çəkilən ağac sxemi | Sifarişçi, dizayner, proqramçı | Kağızda, cədvəldə və ya Figma-da |
Saytın idarəetmə sistemi sitemap.xml faylını çox zaman özü yaradır və yeni səhifə əlavə olunanda yeniləyir. Google-un qaydalarına görə faylda axtarışda görmək istədiyiniz səhifələrin tam ünvanları olmalıdır, bir faylda 50 000-dən çox ünvan olmamalı, sıxılmamış ölçüsü də 50 MB-ı keçməməlidir. Xəritəni Search Console-un Sitemaps bölməsindən göndərin və ya robots.txt faylına «Sitemap:» sətri ilə yazın. Priority və changefreq sahələrinə vaxt sərf etməyin, Google onları nəzərə almır.
Xəritə indeksləməyə zəmanət vermir. Google yazır ki, təxminən 500 və daha az səhifəsi olan, daxili keçidlərlə yaxşı bağlanmış sayta xəritə lazım olmaya bilər. Yeni sayta isə başqa saytlardan hələ link olmur, belə saytda xəritəni mütləq qurun və Search Console-a göndərin. HTML xəritə yüzlərlə bölməsi olan portallarda işə yarayır, kiçik saytda bu işi footer menyu görür.
Üç sayt növündə struktur nümunəsi
Vizit-kart və korporativ sayt
Vizit-kart saytda iki səviyyə kifayətdir: əsas səhifə və onun altında 3–5 səhifə. Xidmətlər azdırsa və müştərilər onları ayrı-ayrılıqda axtarmırsa, hamısı bir «Xidmətlər» səhifəsində kartlarla göstərilir. Hansı səhifələrin lazım olduğunu kiçik biznes saytı haqqında yazıda sadalamışıq.
Korporativ saytda üçüncü səviyyə yaranır: hər xidmətin, layihənin və yazının öz səhifəsi olur. Bizim sayt da belə qurulub:
- /services bölməsi və onun altında /services/korporativ-sayt-hazirlanmasi, /services/seo-xidmeti kimi xidmət səhifələri;
- /portfolios bölməsi və hər layihənin öz səhifəsi, məsələn, /portfolios/tutor-az;
- bloq yazıları /blog/ qovluğunda, məsələn, /blog/vps-nedir;
- footerdə /mexfilik-siyaseti və /istifade-sertleri.
Hər xidmət səhifəsi öz sorğusu üçün yazılıb və «Əsas səhifə › Xidmətlər» zənciri ilə bölməyə bağlanır. Xidmət, komanda, portfolio və vakansiya bölmələrinə nə yazmaq lazım olduğundan korporativ sayt haqqında yazıda danışmışıq.
Onlayn mağaza
Mağazada ağac dərinləşir: kataloq, kateqoriya, alt kateqoriya, məhsul. Kateqoriyanın ünvanı /kataloq/kondisionerler/inverter, məhsulun ünvanı isə /mehsul/modelin-adi kimi ola bilər. Məhsulun ünvanını kateqoriyadan ayrı saxlamaq rahatdır: eyni məhsul iki kateqoriyada olanda iki ünvan yaranmır, kateqoriyanı dəyişəndə də ünvan dəyişmir.
Ən çətin hissə filtrlərdir. Qiymət, marka, güc və rəng filtrləri birləşəndə minlərlə ünvan yaranır: /kataloq/kondisionerler?marka=x&guc=12000&reng=ag. Google-un filtrlər haqqında ayrıca sənədinə görə, belə ünvanlar axtarış robotunun vaxtını alır və yeni, faydalı səhifələrin tapılmasını ləngidir. Lazımsız kombinasiyaları robots.txt ilə bağlayın. İnsanların axtardığı seçimi, məsələn, inverter kondisionerləri, ayrıca kateqoriya səhifəsinə çıxarın. Mağazanın vitrinində və admin panelində nələrin olduğunu onlayn mağaza haqqında yazıda göstərmişik.
Kataloq və portal
Elan saytı, müəllim və ya həkim kataloqu kimi portallarda səhifələrin çoxu şablondan avtomatik yaranır. Ağac çox vaxt iki əlamət üzrə qurulur, məsələn, fənn və şəhər üzrə. «Bakıda riyaziyyat müəllimi» kimi axtarılan kombinasiya öz səhifəsini alır, içində elan olmayan kombinasiyalar isə indeksə buraxılmır. Hər profil və ya elan öz ünvanında açılır: Tutor.az layihəsində hər müəllimin profili indekslənən ayrıca səhifədir və axtarışa öz başlığı ilə çıxır.
Saytın strukturunda tez-tez edilən səhvlər
Bu səhvlərin çoxu sayt açılandan bir neçə ay sonra, Google-dan müştəri gəlmədiyini görəndə üzə çıxır:
- Ayrı-ayrılıqda axtarılan xidmətləri bir səhifəyə yığmaq. Təmir və quraşdırma eyni səhifədədirsə, belə səhifə iki sorğunun heç birində yuxarı çıxmaya bilər.
- Səhifələri 5–6 səviyyə dərinə salmaq: ziyarətçi oraya çatmadan çıxır.
- Eyni sorğu üçün iki səhifə açmaq, məsələn, həm xidmət səhifəsini, həm də bloq yazısını «kondisioner təmiri qiyməti» üçün yazmaq. Səhifələr bir-biri ilə yarışır, Google hansını göstərəcəyini özü seçir.
- Yetim səhifələr saxlamaq: kampaniya səhifəsi yalnız Instagram-da paylaşılıb, saytda ona keçid yoxdur.
- Yeni saytı işə salanda köhnə ünvanları yönləndirməsiz silmək.
- Menyu bəndlərinə şirkət daxilində işlənən adları vermək: «Departamentlər», «Həllər», «Məhsul xətti».
Strukturu özünüz qurmalı, yoxsa studiyaya tapşırmalı
5–10 səhifəlik saytın strukturunu özünüz çəkə bilərsiniz: yuxarıdakı altı addım üçün bir axşam bəs edir. Aşağıdakı hallarda isə işi mütəxəssisə tapşırmaq daha düzgündür:
- kataloqda yüzlərlə məhsul və filtrlər var;
- sayt iki-üç dildə olacaq və hər dilin öz ünvanları olmalıdır;
- köhnə saytı yenisi ilə əvəz edirsiniz və onun Google-dan ziyarətçi gətirən səhifələri var: hər köhnə ünvan üçün yönləndirmə siyahısı lazımdır;
- portalda istifadəçilər minlərlə səhifə yaradacaq.
Hazırladığımız hər saytın qiymətinə əsas SEO quruluşu daxildir: səhifələrin başlıqları və təsvirləri, sayt xəritəsi, sürətli yüklənmə və mobil uyğunluq.
- Landinq səhifə
- 300–600 AZN, 3–7 iş günü
- Vizit-kart sayt
- 400–800 AZN, 7–10 iş günü
- Korporativ sayt
- 800–2 000 AZN, 2–4 həftə
- Onlayn mağaza
- 1 500–7 000 AZN
Domen, hostinq və SSL ilk il pulsuzdur, ikinci ildən hostinq ildə 150 AZN-dir. Domen sizin adınıza qeydiyyata alınır, təhvildə bütün girişlər və mənbə kodu sizə verilir. Qiymətin 30%-ni əvvəlcədən ödəyirsiniz, qalanı 3–6 aya faizsiz bölünür.
Tez-tez verilən suallar
Saytın strukturu nədir?
Saytın strukturu səhifələrin bölmələrə və səviyyələrə necə bölündüyü və bir-birinə necə bağlandığıdır. Ona menyu, səhifələrin ünvanları və daxili keçidlər daxildir.
Saytın strukturunu göstərmək üçün adətən hansı informasiya modelindən istifadə olunur?
İyerarxik, yəni ağacvari modeldən. Ən yuxarıda əsas səhifə yerləşir, ondan bölmələr, bölmələrdən də konkret səhifələr budaqlanır. Model qutular və xətlərlə çəkilən sxem şəklində göstərilir.
Sayt xəritəsi nədir?
Çox zaman sitemap.xml faylı nəzərdə tutulur: Google-a və başqa axtarış sistemlərinə saytın hansı səhifələrini indeksləmək istədiyinizi bildirən ünvan siyahısı. Fayl adətən domeniniz.az/sitemap.xml ünvanında yerləşir və Search Console-a göndərilir. Ziyarətçilər üçün bütün bölmələrin siyahısı olan HTML səhifəyə də sayt xəritəsi deyirlər.
Struktur xəritə nədir?
Struktur xəritə saytın səhifələrini və onlar arasındakı əlaqəni göstərən sxemdir. Onu sayt hazırlanmazdan əvvəl kağızda, cədvəldə və ya Figma-da çəkirlər, hər səhifənin yanına ünvanını və aid olduğu bölməni yazırlar.
Saytın menyusunda neçə bənd olmalıdır?
Kiçik saytda yuxarı menyuda 4–6 bənd olur, bölməsi çox olan saytda 7-yə qədər. Bölmə bundan da çoxdursa, az lazım olanları alt menyuya və ya footerə keçirin.
Saytınızın strukturunu birlikdə quraq
Sayt sifarişində səhifələrin sxemini dizayndan əvvəl hazırlayıb sizinlə razılaşdırırıq. Sayt serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur və 24/7 işləyir. Telefon: 077-388-42-42, e-poçt: contact@shaftali.az.