E-ticarət platforması seçəndə iki suala cavab verirsiniz: məhsulu harada satacaqsınız və mağaza hansı sistemlə işləyəcək. Birmarket kimi marketpleysdə vitrin və alıcı axını hazırdır, Shopify və ya WooCommerce ilə öz mağazanızı açırsınız, fərdi mağazanı isə proqramçılar iş qaydanıza uyğun yazır. Aşağıda bu yolları yerli kartla ödəniş, 1C ilə əlaqə, üç illik xərc və mağazanın kimə məxsus olması baxımından müqayisə edirik.
Biz Bakıda saytların hazırlanması xidməti göstəririk və onlayn mağazaları kodla yazırıq. Amma hər müştəriyə fərdi mağaza təklif etmirik: bəzən marketpleys və ya hazır platforma daha sərfəli olur. Hansı hallarda belə olduğunu aşağıda rəqəmlərlə göstərmişik.
Qısaca
- Mala tələb olub-olmadığını hələ yoxlayırsınızsa, ən ucuz başlanğıc marketpleys və ya elan saytıdır, amma marketpleysdə alıcı bazası platformada qalır.
- Shopify, Wix və Tilda-da mağaza tez açılır, lakin Azərbaycan banklarının onlayn ödəniş xidməti bu platformalara hazır qoşulmur.
- WooCommerce və OpenCart pulsuzdur, bəzi yerli ödəniş xidmətlərinin onlar üçün hazır modulu var, yeniləməyə və təhlükəsizliyə isə özünüz baxmalısınız.
- Yüzlərlə məhsul və 1C ya da CRM ilə inteqrasiya lazımdırsa, fərdi mağazanın üç illik xərcini hazır platforma ilə yanaşı hesablayın: satışdan tutulan faiz və ödənişli əlavələr aradakı fərqi azaldır.
E-ticarət platforması nədir və hansı növləri var
E-ticarət (elektron ticarət) platforması kataloqu, səbəti, sifarişləri və ödənişi bir sistemdə birləşdirir. Gündəlik danışıqda bu sözlə iki ayrı şeyi nəzərdə tuturlar: alıcıların mal axtardığı böyük e-ticarət saytlarını və internet mağazanızın işlədiyi proqramı. Onlayn satışa başlayan biznesin qarşısında dörd yol var:
- Marketpleys: Birmarket və ya Amazon kimi sayt malınızı öz vitrinində satır və komissiya alır.
- Hazır mağaza platforması: Shopify, Wix, Ecwid, Tilda. Mağazanı aylıq abunə ilə icarəyə götürürsünüz.
- Açıq mənbəli platforma: WooCommerce, OpenCart, PrestaShop, Magento Open Source. Pulsuz proqramı öz hostinqinizə qurursunuz.
- Fərdi mağaza: kataloqu, səbəti və admin paneli proqramçılar sizin biznesiniz üçün yazır.
Bu yolları birləşdirmək olar: öz saytında satan mağaza eyni malları marketpleysə də çıxara bilər. E-ticarətin növlərini və vergi tərəfini e-ticarət nədir yazısında izah etmişik, burada yalnız platforma seçimindən danışırıq.
Marketpleysdə satış: öz saytı olmadan başlamaq
Marketpleysdə alıcı artıq var, ona görə ilk satış öz saytınızdakından tez gəlir. Sizdən yalnız məhsul kartlarını doldurmaq və sifarişi vaxtında təhvil vermək tələb olunur. Yerli marketpleyslərdən biri əvvəllər Umico adı ilə tanınan Birmarket-dir, saytındakı «Tərəfdaşlar üçün Birmarket» bölməsindən satıcı kimi qoşulmaq olur. Satıcı komissiyası orada göstərilmir, ona görə faizi, pulun hesabınıza neçə günə köçürüldüyünü və qaytarılan malın xərcini kimin daşıdığını müqavilədən əvvəl yazılı soruşun.
Xarici marketpleyslərdə xərc başqa cür hesablanır. Amazon-un ABŞ saytında noyabr 2026-da Professional satıcı planı ayda 39,99 dollardır (təxminən 68 AZN), üstəlik hər satışdan kateqoriyaya görə komissiya tutulur, əksər kateqoriyalarda 15% və ya daha az, bəzilərində daha çox. Azərbaycandan satıcı kimi qeydiyyatdan keçməyin mümkün olub-olmadığını Seller Central-ın yardım bölməsində yoxlayın.
Tap.az elan saytıdır: alıcı sizə zəng edir, ödənişi və çatdırılmanı özünüz təşkil edirsiniz. Tələbi yoxlamaq üçün rahatdır, amma sifariş sistemini əvəz etmir.
Marketpleysin üstünlükləri
- Alıcı axını ilk gündən var
- Sayt hazırlamağa pul və vaxt xərcləmirsiniz
- Ödənişi çox vaxt platforma özü qəbul edir
Marketpleysin çatışmazlıqları
- Hər satışdan komissiya tutulur
- Alıcıların əlaqəsi və alış tarixçəsi platformada qalır
- Eyni malı satan rəqiblər yanınızda görünür, rəqabət əsasən qiymət üstündə gedir
- Qaydaları platforma dəyişir, hesab dondurulanda satış dayanır
Hazır onlayn mağaza platformaları: Shopify, Wix, Ecwid, Tilda
Bu platformalarda mağazanı brauzerdə şablondan yığırsınız. Server, SSL sertifikatı və yeniləmələrlə platforma özü məşğul olur, siz isə mağaza açıq qaldıqca abunə haqqı ödəyirsiniz. Wix, Tilda və Shopify-ın planlarını və ümumi məhdudiyyətlərini sayt yaratmaq proqramı haqqında yazıda müqayisə etmişik. Mağaza açırsınızsa, bunları da nəzərə alın:
- Shopify-ın Basic planı noyabr 2026-da illik ödənişlə ayda 19 dollar, Grow planı eyni şərtlə ayda 54 dollardır. Basic-də işçilər üçün əlavə hesab yoxdur, Grow-da 5 işçi hesabı var.
- Ecwid satışdan faiz tutmur, amma planları məhsul sayına görə bölür: Starter ayda 5 dollara 10 məhsul, Venture illik ödənişlə ayda 29 dollara 100 məhsul, Business ayda 49 dollara 2 500 məhsul.
Yerli kartla ödəniş hazır platformaların zəif yeridir
Shopify-ın öz ödəniş sistemi Shopify Payments 41 ölkə və regionda işləyir, Azərbaycan bu siyahıya daxil deyil. Siyahıda olmayan ölkələrdə kənar ödəniş sistemi qoşulur və hər satışdan Basic planında əlavə 2%, Grow-da 1% tutulur. Qapıda ödəniş və bank köçürməsi kimi əl ilə təsdiqlənən üsullardan Shopify bu faizi almır. Wix-in ölkələr üzrə cədvəlində Azərbaycan üçün yalnız PayPal göstərilir. Tilda-nın siyahısında Stripe, PayPal, Verifone və Rusiya, Ukrayna, Qazaxıstan, Belarus xidmətləri var, Azərbaycan bankı yoxdur.
Ona görə bu platformalarda ən sadə yol qapıda ödənişdir. Satışınızın çoxu onsuz da belə gedirsə, problem böyük deyil. Kartla onlayn ödəniş vacibdirsə, abunə olmazdan əvvəl bankın xidmətinin həmin platformaya qoşulub-qoşulmadığını öyrənin.
Açıq mənbəli platformalar: WooCommerce və OpenCart
WooCommerce WordPress-ə qurulan mağaza plaginidir, rəsmi plaginlər kataloqunda onun 7 milyondan çox aktiv quraşdırması göstərilir. Əsas plagin pulsuzdur, filtrlər və çatdırılma hesablanması kimi bəzi funksiyalar ödənişli əlavələrlə gəlir. OpenCart da pulsuzdur və aylıq haqqı yoxdur, rəsmi əlavələr mağazasında 13 000-dən çox modul və şablon var. Magento Open Source böyük kataloqlar üçün nəzərdə tutulub, ona güclü server və bu sistemi yaxşı bilən proqramçı lazımdır.
Yerli ödəniş burada daha asan həll olunur. Məsələn, Epoint ödəniş xidməti saytında WooCommerce və OpenCart üçün hazır qoşulma skriptləri təklif edir. Proqram öz serverinizdə işlədiyi üçün başqa bankın texniki sənədlərinə əsasən modul yazdırmaq da mümkündür.
Bunun əvəzini vaxtla və məsuliyyətlə ödəyirsiniz. WordPress-in nüvəsini, WooCommerce-i, şablonu və hər əlavəni müntəzəm yeniləməlisiniz, yeniləmədən sonra plaginlər arasında uyğunsuzluq yarana, sayt xəta verə bilər. Ehtiyat nüsxəyə, SSL-ə və serverin gücünə də özünüz cavabdehsiniz, yüzlərlə məhsul şəkli olan mağaza isə serverə vizit kart saytdan xeyli çox yük salır. Mağaza üçün hostinq paketi seçəndə nəyə baxmaq lazım olduğunu ayrıca izah etmişik.
Fərdi onlayn mağaza: kod sizin biznesiniz üçün yazılanda
Fərdi mağazada kataloqun quruluşu, sifarişin addımları, admin paneldəki sahələr və hesabatlar satış qaydanıza görə yazılır. Texnologiyanı layihəyə görə seçirik: Laravel, Node.js, C# (.NET) və ya Java. Öz saytımız shaftali.az Laravel ilə yazılıb və 24 noyabr 2026-da Lighthouse yoxlamasında dörd kateqoriyanın hamısında 100 bal alıb. Hazırladığımız Garmin.az mağazasında üç dildə 362 məhsulluq kataloq və stok süzgəci var. Orada sifariş səbətlə yox, sorğu, zəng və WhatsApp ilə gəlir: fərdi mağazada sifarişin necə qəbul olunacağını da biznesin özü seçir.
Fərdi mağazanın əsas üstünlüyü inteqrasiyadır. Anbar qalığı 1C-dən sayta, saytdakı sifariş isə anbara və menecerin siyahısına avtomatik düşə bilər. CRM və ERP sistemlərinin nə iş gördüyünü və sayta necə bağlandığını başqa yazıda göstərmişik.
Zəif tərəfləri də var. Başlanğıc xərci hazır platformanın bir illik abunəsindən xeyli çoxdur, hazırlanma təxminən 1–2 ay çəkir, hər yeni funksiya üçün proqramçıya müraciət etməli olursunuz. Mənbə kodu və girişlər sizə verildiyi üçün həmin proqramçının biz olması şərt deyil.
E-ticarət platformalarının müqayisəsi
Qiymətləri 24–25 noyabr 2026-da platformaların rəsmi saytlarından götürmüşük, vergi daxil deyil. Dolları Mərkəzi Bankın məzənnəsi ilə, 1,70 AZN-dən hesablamışıq.
| Meyar | Marketpleys | Shopify, Wix, Ecwid, Tilda | WooCommerce, OpenCart | Fərdi mağaza |
|---|---|---|---|---|
| Başlanğıc xərci | qeydiyyat, məhsul kartları | abunə, mağazanı özünüz yığırsınız | proqram pulsuz; hostinq, domen və quraşdırma işi | bizdə 1 500–7 000 AZN |
| İllik xərc, noyabr 2026 | əsasən satışdan komissiya | illik ödənişlə: Shopify Basic 228, Wix Core 348, Ecwid Business 588 dollar | hostinq, domen, ödənişli əlavələr | bizdə 2-ci ildən hostinq 150 AZN, .az domeni 20 AZN |
| Satışdan faiz | kateqoriyaya görə komissiya | Shopify kənar ödənişdən Basic-də 2%, Grow-da 1%; Ecwid 0% | platforma faiz tutmur | platforma faiz tutmur |
| Yerli kartla AZN ödəniş | platformanın öz ödəniş sistemi | Shopify Payments yoxdur, Wix-də yalnız PayPal, Tilda-da yerli xidmət yoxdur | bəzi yerli xidmətlərin hazır modulu var | bankın texniki sənədlərinə əsasən qoşulur |
| Azərbaycan dili və AZN | platformanın qaydası ilə | vitrini azərbaycanca yazmaq olur, valyutanı sınaq dövründə yoxlayın | dil və valyuta tənzimləmələri ilə | lazım olan dillər və AZN əvvəldən qurulur |
| 1C, anbar, CRM | satıcı kabinetinin imkanı qədər | tətbiqlər mağazasındakı hazır əlavələrlə | plaginlə və ya proqramçı ilə | işlətdiyiniz proqrama görə yazılır |
| Məlumat və kod kimdədir | alıcı bazası platformadadır | mağaza platformadadır, məhsulları ixrac etmək olur | kod və baza öz hostinqinizdədir | mənbə kodu və girişlər sizə verilir |
| Başqa yerə köçmək | yeni yerdə sıfırdan başlayırsınız | dizayn və səhifə ünvanları köçmür | istənilən serverə köçür | istənilən serverə köçür |
Saytda AZN ilə kartla ödəniş necə qoşulur
Kartla onlayn ödəniş internet ekvayrinq vasitəsilə işləyir: alıcı bankın ödəniş səhifəsinə keçir, kartın məlumatlarını orada daxil edir və ödənişi 3D Secure ilə təsdiqləyir. Bu məlumatlar mağazanın serverinə düşmür, pul komissiya çıxılandan sonra hesabınıza köçürülür. İnternet ekvayrinqi banklar və Mərkəzi Bankdan lisenziya almış ödəniş təşkilatları təklif edir.
Noyabr 2026-da iki xidmətin şərtlərini yoxladıq. PASHA Bank-ın e-commerce xidmətinə qoşulma pulsuzdur, Visa, Mastercard, Maestro və UnionPay kartları qəbul olunur, ödənişi onlayn tam və ya qismən geri qaytarmaq mümkündür. Epoint Mərkəzi Bankın 24 iyul 2024-cü il tarixli ÖT-002 saylı lisenziyası ilə işləyir, sayt və mobil tətbiq üçün API verir. Daimi komissiya faizi hər iki saytda göstərilməyib, onu yalnız müraciət edəndə öyrənmək olur.
- Xidməti seçin İki-üç bankdan və ödəniş təşkilatından komissiyanı, pulun hesaba düşmə müddətini və geri qaytarma qaydasını soruşun.
- Müqavilə bağlayın Bankla müqaviləni mağazanın sahibi olan şirkət və ya fərdi sahibkar imzalayır, pul da birbaşa onun hesabına köçürülür. Lazım olan sənədlərin siyahısını bank özü verir.
- Mağazaya qoşun Bank test girişlərini və texniki sənədləri göndərir. WooCommerce və OpenCart üçün hazır modul ola bilər, fərdi mağazada isə proqramçı ödənişi bu sənədlərə əsasən qoşur.
- Sınaqdan keçirin Açılışdan əvvəl test ödənişi edin, pulu geri qaytarın və sifarişin statusunun avtomatik dəyişdiyinə əmin olun.
Biznesin mərhələsinə görə hansı platformanı seçməli
Tələbi yoxlayırsınız
Məhsullarınız azdır və onların satılacağına hələ əmin deyilsiniz. Bu mərhələdə mağaza sifariş etmək tezdir. Marketpleysə və ya Tap.az-a çıxın, Instagram-da satın, ya da qapıda ödənişlə kiçik mağaza açın: Shopify-da ilk 3 gün pulsuzdur, sonrakı 3 ay ayda 1 dollar ödəyirsiniz. Bir-iki aydan sonra hansı məhsulun satıldığını və alıcıların hansı sualları verdiyini biləcəksiniz.
Satışı gedən, yüzlərlə məhsulu olan mağaza
Məhsul sayı 200–500 arasıdır, sifarişlər müntəzəm gəlir və onları Instagram Direct-də qəbul etmək artıq çətindir. Mağazaya baxacaq adamınız varsa, yerli ödəniş modulu ilə WooCommerce yaxşı seçimdir. Qapıda ödəniş bəs edirsə, Shopify da işinizi görər. Hər şeyi hazır təhvil almaq və texniki dəstək istəyirsinizsə, standart fərdi mağazaya baxın. Belə mağazada hansı səhifə və bölmələrin lazım olduğunu onlayn mağaza yaradılmasından bəhs edən yazıda sadalamışıq.
İnteqrasiya tələb edən biznes
Sizdə 1C və ya başqa anbar proqramı, bir neçə filial, topdan və pərakəndə qiymətlər var, menecerlər satışı CRM-də aparır. Hazır platformada bunların hər biri üçün ayrıca tətbiq və ya plagin lazım olur, tapılmayanı isə Excel-dən əl ilə köçürürsünüz. Belə biznes üçün tam funksiyalı fərdi mağaza adətən ən rahat yoldur: inteqrasiya bir dəfə yazılır və qaydanızla işləyir.
200 məhsullu mağazanın üç illik xərci
Hazır platformalarda yalnız abunə haqqını nəzərə almışıq: noyabr 2026 qiymətləri, ödəniş bir il üçün əvvəlcədən. Ecwid-in Venture planı 100 məhsulla məhdud olduğu üçün Business planını götürmüşük.
| Variant | Birinci il | 3 ildə cəmi | Nəyi nəzərə almalı |
|---|---|---|---|
| Shopify Basic | 228 dollar ≈ 388 AZN | 684 dollar ≈ 1 163 AZN | domen ayrıca, kənar ödəniş sistemindən hər satışın 2%-i |
| Wix Core | 348 dollar ≈ 592 AZN | 1 044 dollar ≈ 1 775 AZN | Azərbaycan üçün ödəniş siyahısında yalnız PayPal |
| Ecwid Business | 588 dollar ≈ 1 000 AZN | 1 764 dollar ≈ 2 999 AZN | Ecwid satışdan faiz tutmur |
| WooCommerce | plagin 0 AZN | hostinq, domen və ödənişli əlavələr | quraşdırma və yeniləmə işi ayrıca |
| Shaftali.az, standart mağaza | 1 500–3 000 AZN, domen, hostinq və SSL daxil | 1 840–3 340 AZN | 2-ci ildən hostinq 150 AZN, .az domeni 20 AZN; ödəniş çatdırılma zamanı |
Shopify, Wix, Ecwid və WooCommerce sətirlərinə dizayn, məhsulların yüklənməsi, ödənişli tətbiqlər və mağazaya sərf etdiyiniz vaxt daxil deyil. Shopify-da kənar ödəniş sistemindən tutulan faiz dövriyyə ilə artır: kartla aylıq satış 10 000 AZN olanda Basic planında hər ay əlavə 200 AZN, üç ildə 7 200 AZN gedir.
Bizim standart mağazada ödəniş çatdırılma zamanı alınır. Hazırladığımız Dam Yağmuru mağazası belə işləyir: 233 məhsul, səbət və ünvanda ödənişlə sifariş. Kartla onlayn ödəniş, alıcı kabineti və anbar proqramı ilə inteqrasiya tam funksiyalı mağazaya daxildir: 3 000–7 000 AZN, hostinq və domenlə birlikdə üç ildə 3 340–7 340 AZN.
E-ticarət platforması seçəndə edilən səhvlər
- Yalnız aylıq haqqa baxmaq. Ucuz plan çox vaxt məhsul sayı ilə məhdudlaşır, ödənişli tətbiqlər və satışdan tutulan faiz isə sonradan üzə çıxır. Üç illik ümumi xərci hesablayın.
- Yerli ödənişi sonraya saxlamaq. Mağaza açılır, kataloq dolur, sonra məlum olur ki, bankın ödəniş xidməti bu platformaya qoşulmur.
- Platformaya bağlanıb qalmaq. Məhsulları CSV faylına ixrac etmək adətən mümkündür, amma dizayn, səhifə ünvanları və alıcıların hesabları yeni yerə avtomatik köçmür. Ünvanlar dəyişəndə Google-dakı mövqeləri saxlamaq üçün 301 yönləndirmə qurmaq lazımdır.
- Çatdırılma və qaytarma qaydası olmadan açmaq. Kuryer kimdir, Bakıda və regionlara çatdırılma neçəyədir, qaytarılan malın pulu necə geri ödənir: bu cavablar mağaza açılmamış hazır olmalıdır.
Onlayn mağazanı bizə tapşırsanız
Mağazanı admin paneli ilə təhvil veririk, məhsulu, qiyməti və stoku özünüz dəyişirsiniz. Domen sizin adınıza qeydiyyatdan keçir, mənbə kodu və girişlər sizə verilir, ona görə mağaza heç bir platformaya bağlı qalmır.
- Standart mağaza: kataloq, səbət, sifariş forması, ödəniş çatdırılma zamanı (təxminən 1 ay)
- 1 500–3 000 AZN
- Tam funksiyalı mağaza: kartla ödəniş, alıcı kabineti, geniş süzgəclər, inteqrasiyalar (2 aya qədər)
- 3 000–7 000 AZN
- Hostinq, 2-ci ildən
- 150 AZN/il
- .az domeni, 2-ci ildən
- 20 AZN/il
Domen, hostinq və SSL ilk il pulsuzdur, korporativ e-poçt da pulsuz qurulur. Məbləğin 30%-ni əvvəlcədən ödəyirsiniz, qalanını 3–6 aya faizsiz bölmək olar. Mağaza serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur və 24/7 işləyir. Paketlərin tərkibini onlayn mağaza hazırlanması səhifəsində görə bilərsiniz.
Tez-tez verilən suallar
Elektron ticarət sistemi ilə e-ticarət platforması arasında fərq varmı?
Çox vaxt bu sözlər eyni mənada işlənir: kataloqu, səbəti, sifarişləri və ödənişi idarə edən proqram. Böyük şirkətlərdə «elektron ticarət sistemi» deyəndə bəzən mağaza ilə birlikdə anbarın, 1C-nin və CRM-in bir-birinə bağlı işlədiyi bütöv quruluş nəzərdə tutulur.
Onlayn satışa sayt olmadan başlamaq olarmı?
Olar. Marketpleys, Tap.az və Instagram tələbi yoxlamağın ucuz yoludur, amma marketpleys hər satışdan komissiya tutur, alıcıların siyahısı da platformada qalır.
Shopify Azərbaycanda işləyirmi?
Mağaza açmaq olur, amma Shopify Payments Azərbaycanda işləmir. Kənar ödəniş sistemi qoşanda Basic planında hər satışdan əlavə 2% tutulur, qapıda ödəniş kimi əl ilə təsdiqlənən üsullarda isə bu faiz yoxdur.
WordPress ilə onlayn mağaza yaratmaq olarmı?
Bəli, WordPress-ə pulsuz WooCommerce plagini qurulur. Hostinq, domen, ödənişli əlavələr və yeniləmələr sizin üzərinizdədir. Epoint kimi bəzi yerli ödəniş xidmətlərinin WooCommerce üçün hazır skripti var.
Azərbaycanda e-ticarət saytı açmaq neçəyə başa gəlir?
Hazır platformada mağazanı özünüz qursanız, əsas xərc abunədir: noyabr 2026-da Shopify Basic ildə 228 dollar, Wix Core 348 dollardır. Bizdə standart mağaza 1 500–3 000 AZN, tam funksiyalı mağaza 3 000–7 000 AZN-dir, domen, hostinq və SSL ilk il pulsuzdur.
Onlayn mağazanızı biz hazırlayaq
Nə satdığınızı və neçə məhsulunuz olduğunu yazın, anbar proqramı işlədirsinizsə, adını da qeyd edin. Qiyməti və müddəti hesablayıb sizə zəng edək. Domen, hostinq və SSL ilk il pulsuzdur. Telefon: 077-388-42-42, e-poçt: contact@shaftali.az.